BAKI, 18 aprel. TELEQRAF

Bakı–Tbilisi–Qars xətti və Orta Dəhliz artıq bazara çıxışın onurğa sütununa çevrilib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə xarici işlər nazirinin müavini Ayşə Berris Ekinci Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Əlaqələr sahəsində yeni imkanlar" mövzusundakı panel sessiyada çıxışı zamanı bildirib.

O bildirib ki, Türkiyədən cənub istiqamətdə 1,5 milyard insana və 33 trilyon dollarlıq bazarlara çıxış əldə etmək mümkündür:

"Əlimizdə olan məlumatlara əsasən bunu müzakirə etdik. Biz də bu göstəricilərə dayanaraq öz infrastrukturumuzu qurmağa başladıq və bu proses illərdir davam edir. Bu istiqamətdə daha əvvəl gözlənilməyən investiyalar da həyata keçirildi".

Ayşə Berris Ekinci qeyd edib ki, Türkiyə Orta Dəhlizdə yerləşdiyi üçün bölgədə baş verən bir çox hadisələrin şahidi olur.

"Avropa Birliyinin Orta Dəhlizə marağı artır, eyni zamanda Amerika Birləşmiş Ştatlarının da diqqətini hiss edirik. O baxımdan Orta Dəhliz önəm qazanır. Bu istiqamətdə əməkdaşlığı səbirsizliklə gözləyirik. Amma inanırıq ki, ən vacib məsələ uyğunluq və vahid mövqedən çıxış etməkdir. Ancaq bu şəkildə layihələr uğur qazana bilər".

O qeyd edib ki, Türkiyə İraqla birlikdə layihələr üzərində də işləməyə başlayıb.

"Bu layihələr İraqın şimalından Türkiyəyə qədər uzanan dəmir yolu infrastrukturunu əhatə edir. Eyni zamanda bəzi Afrika ölkələri ilə də razılaşmalar və xoşməramlı niyyət protokolları imzalanıb. Bu da Orta Dəhliz vasitəsilə daşına biləcək bir çox layihələrin önünü açır".