BAKI, 18 aprel. TELEQRAF

"Cənubi Qafqazda kommunikasiyaların bərpası yalnız infrastruktur deyil, həmçinin sülh təşəbbüsüdür".

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Əlaqələr sahəsində yeni imkanlar" mövzusundakı panel sessiyada çıxışı zamanı bildirib.

E.Əmirbəyov çıxışında beynəlxalq aktorların və regional qonşuların iştirakının bölgədə proqnozlaşdırılan mühit yaratdığını diqqətə çatdırıb. O, əvvəlki münaqişələr səbəbindən regionun uzun müddət beynəlxalq diqqətdən kənarda qaldığını, lakin hazırda müvafiq qurumların fəaliyyəti ilə Cənubi Xəzər regionunda əlaqələrin inkişafına mühüm töhfələr verildiyini qeyd edib.

Prezidentin nümayəndəsi vurğulayıb ki, Cənubi Qafqazda kommunikasiyaların qurulması təkcə dəmir yolları və texniki avadanlıqlarla bağlı məsələ deyil:

"Bu proses eyni zamanda sülhün bərqərar olması, risklərin azaldılması və gələcəyə baxış formalaşdırmaq məqsədi daşıyır. Keçmişdə yaşanan düşmənçilik və münaqişələr kommunikasiya sahəsində ciddi problemlər yaratmışdı. İndi isə həyata keçirilən layihələr heç bir tərəfin maraqlarına zərər verməməli, əksinə, hərtərəfli şəkildə düşünülməlidir".

E.Əmirbəyov "regional sahiblik" prinsipinin önəmini xatırladaraq, bunun ilk növbədə milli səviyyədə başladığını bildirib: "Son 20 ildə Azərbaycanda qurulan yol infrastrukturu layihələrinin böyük hissəsi ölkənin daxili resursları, xoş məramı və strateji tərəfdaşlarla əməkdaşlıq sayəsində reallaşıb. Ümid edirik ki, gələcəkdə belə tərəfdaşlıqların sayı daha da artacaq".