BAKI, 18 aprel. TELEQRAF

Avropa İttifaqı ABŞ-nin iştirakı olmadan hərəkət imkanlarını yoxlamaq məqsədilə NATO modelinə uyğun hərbi-siyasi təlimlər keçirməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb. Bildirilir ki, təlimlər Aİ ölkələrindən birinin hərbi dəstək istəməsi halında qərar qəbuletmə prosesinin simulyasiyasını əhatə edəcək.

Məlumata görə, məşqlərin ilk mərhələsi Brüssel şəhərində Avropa ölkələrinin səfirlərinin iştirakı ilə keçiriləcək, daha sonra isə may ayında Kiprdə müdafiə nazirlərinin görüşündə davam etdiriləcək.

Qeyd olunur ki, bu təşəbbüs NATO ilə transatlantik əlaqələrdə yaranan gərginlik fonunda Avropanın reaksiyası kimi qiymətləndirilir. Məqalədə ABŞ prezidenti Donald Trumpın NATO-dan çıxmaqla bağlı səsləndirdiyi fikirlər və Qrenlandiyanı almaq istəyi ilə bağlı bəyanatlarının bu prosesə təsir etdiyi vurğulanır.

Eyni zamanda, bəzi Avropa siyasətçilərinin ABŞ-nin artıq NATO-nun davamlılığını dəstəkləmək istəmədiyi qənaətinə gəldiyi bildirilir.