BAKI, 18 aprel. TELEQRAF

"Azərbaycan, Ermənistan və Türkiyədən keçən yeni nəqliyyat marşrutu yaradıla bilər".

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Əlaqələr sahəsində yeni imkanlar" mövzusundakı panel sessiyada çıxışı zamanı bildirib.

E.Əmirbəyov çıxışında Türkiyənin onilliklər ərzində həyata keçirdiyi irimiqyaslı layihələrin regionda əlaqələrin qurulması üçün mühüm zəmin yaratdığını vurğulayıb.

O bildirib ki, bu cür layihələr qonşu ölkələr arasında birbaşa siyasi əməkdaşlığa xidmət edir.

Prezidentin nümayəndəsi Orta Dəhlizin mərkəzində dayanan Türkiyə, Azərbaycan və dörd Mərkəzi Asiya dövləti arasındakı koordinasiyanın əhəmiyyətini qeyd edib:

"Gömrük prosedurlarının sadələşdirilməsi, logistik çətinliklərin və sərhəd problemlərinin həlli prioritet məsələlərdir. Bağlantı imkanları regionu birləşdirir, Xəzər dənizi artıq ayıran deyil, birləşdirən amilə çevrilib".

E.Əmirbəyov regionda yeni nəqliyyat xətlərinin çəkilməsi perspektivlərinə də toxunub:

"Hazırda Azərbaycan-Gürcüstan-Türkiyə xətti aktiv fəaliyyət göstərir. Lakin gələcəkdə ikinci bir marşrutun - Azərbaycan, Ermənistan və Türkiyə üzərindən keçən yolun yaradılması mümkündür. Bu layihə reallaşarsa, Türkiyənin Azərbaycan vasitəsilə digər Türk respublikalarına quru yolu ilə birbaşa çıxışı təmin olunacaq. Bu, hər iki tərəf üçün həm siyasi, həm də iqtisadi baxımdan strateji əhəmiyyətli bir addımdır".

Sonda o, Azərbaycanın mühüm tranzit qovşağına çevrildiyini və regional sabitlik prinsipi əsasında qurulan beynəlxalq koordinasiyanın bölgədəki hər bir ölkənin uğuruna xidmət edəcəyini diqqətə çatdırıb.