BAKI, 18 aprel. TELEQRAF

"Cənubi Qafqazda illərlə davam edən müharibə bitdi və biz artıq qonşumuz Ermənistanla sülh içində yaşamağı öyrənirik".

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Əlaqələr sahəsində yeni imkanlar" mövzusundakı panel sessiyada çıxışı zamanı bildirib.

Geosiyasi vəziyyəti şərh edən E.Əmirbəyov dünyada, xüsusən də Avrasiya məkanında baş verən gərginliklərin ənənəvi ticarət marşrutlarına mənfi təsir göstərdiyini vurğulayıb. O, mövcud şəraitdə Orta Dəhlizin ən etibarlı, təhlükəsiz və iqtisadi cəhətdən səmərəli marşrut kimi ön plana çıxdığını bildirib:

"Cənubi Qafqazda onilliklər ərzində davam edən münaqişələr və qapalı sərhədlər dövrü geridə qalır. Hazırda biz qonşu Ermənistanla sülh şəraitində birgə yaşamağa doğru addımlayırıq. Bağlantı və kommunikasiyaların inkişafı təkcə iqtisadi mənfəət deyil, həm də sülh prosesini stimullaşdıran mühüm amildir. Bu, bölgənin sabitliyi üçün əlavə təşəbbüslərin formalaşmasına şərait yaradır".

E.Əmirbəyov Zəngəzur dəhlizinin strateji əhəmiyyətinə də toxunub:

"Bu layihə təkcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən deyil, həm də Asiya ilə Avropanı əlaqələndirən qlobal bir təşəbbüsdür. Bu, bütün regional dövlətlər, habelə tərəfdaşlarımız olan Avropa İttifaqı və ABŞ üçün faydalıdır. Xüsusilə, Naxçıvan dəmir yollarının bərpasına Avropa İttifaqının göstərdiyi dəstəyi yüksək qiymətləndiririk".

Sonda Prezidentin nümayəndəsi vurğulayıb ki, Cənubi Qafqaz regionu tarixi düşmənçilikdən əməkdaşlıq və qarşılıqlı rifah məkanına çevrilmək istiqamətində inamla irəliləyir.