BAKI, 18 aprel. TELEQRAF
Cənub Qaz Dəhlizi və TANAP layihəsi təkcə Türkiyə üçün deyil, Avropa üçün də strateji əhəmiyyət daşıyır.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə xarici işlər nazirinin müavini Ayşə Berris Ekinci Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Əlaqələr sahəsində yeni imkanlar" mövzusundakı panel sessiyada çıxışı zamanı məlumat verib.
O bildirib ki, bu çərçivədə tərəfdaşlarla, xüsusilə Azərbaycanla əməkdaşlıq edilib.
"İndiyə qədər bəzi ölkələr arasında fikir ayrılıqları olsa da, Azərbaycanla aparılan danışıqlar nəticəsində düzgün istiqamətdə irəliləmək və mühüm layihələri həyata keçirmək mümkün olub. Bu layihələr təkcə Türkiyə və Azərbaycan üçün deyil, bütün region üçün əhəmiyyət daşıyır.
Bu layihələr uzunmüddətli sülh və sabitliyin təmin olunmasına töhfə verə bilər. Regionda təhlükəsiz və davamlı axının təmin olunması üçün bu cür təşəbbüslər mühüm rol oynayır.".
O qeyd edib ki, Türkiyə LNG infrastrukturu üzərində də ciddi işlər görüb. Üzən saxlama və yenidən qazlaşdırma qurğuları (FSRU) və iki LNG terminalı mövcuddur. Məsələn, Ukraynadakı müharibə və ya Körfəz bölgəsindəki gərginliklər zamanı LNG imkanlarının olması Türkiyəyə böyük üstünlük verdi və eyni zamanda Avropadakı qonşulara dəstək göstərmək imkanı yaratdı.
O bildirib ki, TANAP vasitəsilə Azərbaycan da qazını həm Türkiyəyə, həm də Türkiyənin BOTAŞ infrastrukturu üzərindən üçüncü ölkələrə ötürə bilib.
Ayşə Berris Ekinci vurğulayıb ki, Bu istiqamətdə Avropa İttifaqı ilə əməkdaşlıq davam edir və Xəzər regionundan Türkiyəyə elektrik ötürülməsi perspektivləri mövcuddur:
"Türkiyə eyni zamanda bərpa olunan enerjini də aktiv şəkildə dəstəkləyir. Xəzər hövzəsində, o cümlədən Azərbaycanda bu sahədə yatırımlar artır. Buna görə də bərpa olunan enerjidən əldə olunan elektrik enerjisinin Türkiyə üzərindən ötürülməsi üzərində işlər aparılır".