BAKI, 10 aprel. TELEQRAF

Almaniyada Xristian-Demokrat İttifaqı və ona bağlı ictimai təşkilatlar ehtiyatda olan hərbçilər üçün məcburi hərbi toplanışların tətbiqini təklif edib.

Teleqraf xəbər verir ki, bu barədə “Der Tagesspiegel” nəşri yazıb.

Bildirilir ki, Almaniyanın silahlı qüvvələrinin sayı 2035-ci ilə qədər ən azı 260 min aktiv hərbçi və 200 min ehtiyat qüvvəyə çatdırılmalıdır. Hazırda ehtiyatda olan şəxslər hərbi təlimlərdə iştirak etməyə məcbur deyil.

Bundestaqın müdafiə komitəsinin sədri Tomas Rövekamp isə bu vəziyyətin dəyişdirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, mövcud təhlükəsizlik şəraitində yalnız könüllülük prinsipi ilə fəaliyyət göstərən ehtiyat qüvvələr kifayət etmir və onların operativ şəkildə səfərbər olunması üçün məcburi öhdəliklər lazımdır.

Qeyd edək ki, 2026-cı il yanvarın 1-dən Almaniyada yeni hərbi xidmət modeli qüvvəyə minib. Qanuna əsasən, gənclər tibbi müayinədən keçməli və hərbi qeydiyyata alınmalıdır. Bundesverə qəbul hələlik könüllülük əsasında aparılır.

Xatırladaq ki, Almaniyada məcburi hərbi çağırış 2011-ci ildə ləğv edilib və ölkə peşəkar ordu modelinə keçib. Hazırda Bundesverin şəxsi heyətinin sayı təxminən 184 min nəfərdir.