BAKI, 9 aprel. TELEQRAF
ABŞ-nin birinci xanımı Melaniya Tramp bildirib ki, ABŞ Konqresi uşaq təcavüzünə görə məhkum edilmiş maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı bütün detalları açıqlamaq üçün addımlar atmalıdır.
Teleqraf xəbər verir ki, birinci xanıma görə, Epşteyn təkbaşına hərəkət etməyib: "İndi Konqresin hərəkətə keçməsinin vaxtıdır. Bu iş geniş siyasi təbliğata səbəb olduqdan sonra bir neçə tanınmış kişi rəhbər əsas vəzifələri tərk edib. Bu, əlbəttə ki, onların günahkar olduqları anlamına gəlmir. Amma biz yenə də həqiqəti üzə çıxarmaq üçün çalışmalıyıq."
M.Tramp konqresi Epşteynin əməllərindən əziyyət çəkən qadınlarla bağlı ictimai dinləmələr keçirməyə çağırıb: "Bu qadınlara Konqres qarşısında and içərək ifadə vermək imkanı verilməlidir. Qadınlar baş verənlər barədə açıq danışa bilməlidirlər və onların ifadələri Amerika qanunvericilik sessiyasının protokoluna daxil edilməlidir. Yalnız bundan sonra həqiqəti biləcəyik".