BAKI, 10 aprel. TELEQRAF
Spirtli içkilər və pivənin insan orqanizminə təsiri ilə bağlı mütəxəssislər xəbərdarlıq edir ki, bu məhsulların nəzarətsiz və tez-tez istifadəsi ciddi sağlamlıq problemlərinə yol aça bilər.
Mövzu ilə bağlı Qida mütəxəsisi Fərid Səfərov Teleqraf-a bildirib ki, spirtli içkilərin orqanizmə bir sıra təsirləri var:
“Spirtli içkilərin əsas təsiredici maddəsi etanoldur və bu maddə bütün orqanlara təsir göstərir. O mərkəzi sinir sistemində yavaşlama yaradır, koordinasiya və düşünmə qabiliyyətini zəiflədir. Qaraciyər spirtin parçalanmasını həyata keçirir, lakin bu proses zamanı özü zədələnir. Ürək-damar sisteminə qısa müddətdə damarları genişləndirici təsir göstərsə də, uzunmüddətli istifadədə təzyiq və ürək problemlərinə səbəb olur. Bundan əlavə, tez-tez istifadə psixoloji və fiziki asılılıq yaradır. Ümumilikdə, spirt orqanizm tərəfindən zəhərli maddə kimi qəbul olunur və bədən onu neytrallaşdırmağa çalışır”.
Mütəxəssis qeyd edib ki, pivə ilə digər spirtli içkilərin qaraciyərə təsiri arasında əsas fərq içkinin növü ilə deyil, qəbul edilən spirtin miqdarı ilə bağlıdır:
“Pivədə spirt faizi adətən 4–6 faiz olduğu halda, araq və viski kimi içkilərdə bu göstərici 30–40 faiz və daha çoxdur. Lakin böyük həcmdə pivə qəbul edildikdə ümumi spirt miqdarı yenə yüksək olur. Bu isə qaraciyərdə yağlanma , steatoz, hepatit və sirroz riskini artırır. Yəni pivə zərərsizdir fikri doğru deyil, sadəcə daha çox miqdarda içildiyi üçün risk gizli şəkildə artır”.
Fərid Səfərov vurğulayıb ki, spirt həzm sisteminə də birbaşa təsir göstərir:
“Mədə selikli qişasını qıcıqlandırır, qastrit və yanma hissi yaradır. Turşuluğu artıraraq reflüks və mədə ağrılarına səbəb olur. Bağırsaq mikroflorasını pozur, nəticədə şişkinlik, ishal və ya qəbizlik müşahidə edilə bilər. Uzunmüddətli istifadədə mədə xorası və bəzi xərçəng növlərinin yaranma riski artır. Xüsusilə acqarına spirt qəbulu bu təsirləri daha da gücləndirir”.
Mütəxəssis spirtli içkilərin faydaları ilə bağlı yayılan fikirlərin mübahisəli olduğunu bildirib:
“Eyni faydaları spirtsiz qidalardan, üzüm, giləmeyvə və digər məhsullardan almaq mümkündür. Ümumdünya Səhiyyə Təşkilatı və digər qurumlar qeyd edir ki, təhlükəsiz spirt dozası anlayışı yoxdur. Yəni sırf sağlamlıq məqsədilə spirt qəbul etmək tövsiyə edilmir”.
Qida mütəxəsisi pivənin tərkibində olan vitaminlərin də real faydasının aşağı olduğunu qeyd edib:
“Bu maddələrin miqdarı çox azdır və spirtin zərəri bu faydanı üstələyir. Eyni vitaminləri daha sağlam mənbələrdən , taxıllar, tərəvəzlər və qoz-fındıqdan almaq mümkündür. Spirtli içkilər, o cümlədən pivə az miqdarda belə risk daşıyır. Çox və tez-tez istifadə edildikdə ciddi sağlamlıq problemlərinə səbəb olur. Fayda anlayışı isə əksər hallarda şişirdilmiş olur”.