BAKI, 9 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın administrasiyası Trampın Beynəlxalq Sülh və Rifaha Doğru Yolunu (TRIPP) gerçəkləşdirməyə sadiqdir.
Teleqraf xəbər verir ki, bunu ABŞ Dövlət Departamentindən "Armenpress"in sorğusuna cavab olaraq bildiriblər.
"TRIPP Cənubi Qafqazda və ondan kənarda sülh və rifahı təşviq etmək potensialına malik olduğuna görə ABŞ üçün əsas prioritet olaraq qalır. Tramp administrasiyası TRIPP-i gerçəkləşdirməyə sadiqdir. Layihə Ermənistanın suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına hörmətlə yanaşılmaqla yanaşı Azərbaycanın əsas ərazisini və Naxçıvanı birləşdirəcək multimodal nəqliyyat mərkəzinin yaradılmasını nəzərdə tutur. TRIPP regionda beynəlxalq və daxili əlaqənin kəsintisizliyini təmin edəcək, iqtisadi artım və rifahın artması üçün imkanları genişləndirəcək".
ABŞ Dövlət Departamentinin sözçüsünün sözlərinə görə, Azərbaycan Naxçıvana çıxış əldə edəcək, Ermənistan isə regional əlaqələrin yaxşılaşmasından faydalanacaq ki, bu da Cənubi Qafqazın iqtisadi potensialını açacaq və eyni zamanda Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacaq.
ABŞ Dövlət Departamentinin sözçüsü həmçinin bildirib ki, Ermənistan TRIPP təşəbbüsünü həyata keçirmək üçün ABŞ və qarşılıqlı razılığa əsasən üçüncü tərəflərlə əməkdaşlıq edir.
"Amerika Birləşmiş Ştatları regional sabitliyi və iqtisadi artımı təmin edəcək TRIPP və əlaqəli müqavilələrin başlanmasını dəstəkləmək üçün ilkin olaraq 145 milyon dollar öhdəlik götürüb. Bu vəsaitlər Ermənistana ticarət, infrastruktur və sərhəd təhlükəsizliyi sahələrində investisiyaları dəstəkləyəcək və regional əlaqələri artıracaq".