BAKI, 10 aprel. TELEQRAF

Avstraliya hökuməti ABŞ ilə paylaşılan kəşfiyyat məlumatlarının yalnız müdafiə məqsədləri üçün istifadə olunduğunu bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin vitse-premyeri və müdafiə naziri Riçard Marls "ABC News"a müsahibəsində danışıb.

O bildirib ki, Avstraliyaya məxsus E-7A “Wedgetail” erkən xəbərdarlıq və kəşfiyyat təyyarəsindən əldə olunan məlumatlar ABŞ-nin də təmsil olunduğu Birləşmiş Hava Əməliyyatları Mərkəzinə ötürülür və yalnız müdafiə xarakterli fəaliyyətlər üçün istifadə edilir.

Marls qeyd edib ki, bu məlumatlar əsasən Birləşmiş Ərəb Əmirlikləri və Fars körfəzi regionunda yerləşən digər ölkələrin müdafiəsinin koordinasiyası üçün nəzərdə tutulub.

Avstraliya Silahlı Qüvvələrinin komandanı Devid Conston da vurğulayıb ki, toplanan məlumatlar ABŞ-nin İrana qarşı hücum əməliyyatlarında istifadə edilməməsi üçün xüsusi şəkildə filtrdən keçirilir.

Qeyd edək ki, Avstraliya martın əvvəlində Fars körfəzinə E-7A “Wedgetail” təyyarəsi və 85 hərbçi göndərib. Missiyanın məqsədi regionda hava məkanının monitorinqini gücləndirmək və təhlükəsizlik əməliyyatlarını dəstəkləməkdir. Baş nazir Entoni Albanizi isə aprelin 9-da bu missiyanın müddətini qeyri-müəyyən vaxta qədər uzadıb.