BAKI, 9 aprel. TELEQRAF
Şimali Kipr Türk Cümhuriyyəti ilə Türkiyə arasında 2026-cı il üzrə İqtisadi və Maliyyə Əməkdaşlığı sazişi imzalanıb.
Teleqraf xəbər verir ki, sənəd Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel ilə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz arasında bağlanıb.
Baş nazir bildirib ki, 2026 İqtisadi və Maliyyə Əməkdaşlıq Protokolu ilə ölkəsinə təxminən 25 milyard lirə həcmində vəsait qazandıracaq.
Ünal Üstel Türkiyəyə göstərdiyi dəstəyə görə təşəkkür edib.
O bildirib ki, iki ölkə arasındakı münasibətlər ortaq tarix, qarşılıqlı etimad və güvən üzərində qurulub və köklü qardaşlıq əlaqələrinə əsaslanır.
Ü.Üstel vurğulayıb ki, Türkiyə yalnız maliyyə dəstəyi verən tərəf deyil, həm də Şimali Kipr Türk Cümhuriyyətinin təhlükəsizliyi və mövcudluğu üçün əsas təminatdır.
Baş nazir qeyd edib ki, Türkiyənin adadakı mövcudluğu həyati əhəmiyyət daşıyır və Kipr məsələsinin həlli “iki dövlət” prinsipi əsasında mümkündür.
Onun sözlərinə görə, suveren bərabərlik və bərabər beynəlxalq status qəbul edilmədən qalıcı həllə nail olmaq mümkün deyil.
Ünal Üstel Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hökumət başçılarının ikinci iclasından da danışıb. O bildirib ki, ŞKTC ilk dəfə Türkiyədən kənarda beynəlxalq platformada öz bayrağı ilə təmsil olunub.
Bu hadisəni tarixi addım kimi qiymətləndirən Üstel Türkiyənin sammitdə ŞKTC-yə göstərdiyi güclü dəstəyi xüsusi vurğulayıb.