BAKI, 9 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranın yeni ali lideri seçilən Müctəba Xamenei ilə bağlı şərh verməyin hələ tez olduğunu bildirib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə “The Times of Israel” qəzetinə müsahibəsində danışıb. Ondan İranın Ekspertlər Şurası tərəfindən Müctəba Xameneinin İslam Respublikasının yeni ali lideri seçilməsi ilə bağlı mövqeyi soruşulub.

“Görək nə olacaq”, - deyə ABŞ prezidenti suala qısa cavab verib.

Qeyd edək ki, Müctəba Xamenei öldürülən ayətullah Əli Xameneinin oğludur. Donald Tramp martın 8-də "ABC News" telekanalına müsahibəsində də bildirib ki, ABŞ-nin razılığı olmadan İranın növbəti ali lideri uzun müddət hakimiyyətdə qala bilməz.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İran əleyhinə hərbi əməliyyata başlayıb. Zərbələr İranın ən böyük şəhərlərinə, o cümlədən paytaxt Tehran şəhərinə endirilib. Ağ Ev hücumları Tehrandan qaynaqlandığı iddia olunan raket və nüvə təhdidi ilə əsaslandırıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusu isə genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini açıqlayıb və İsraildəki hədəflərə zərbələr endirib. Bundan başqa, ABŞ-nin Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektlərinə də hücumlar edildiyi bildirilib.

İrana endirilən zərbələr nəticəsində ayətullah Əli Xamenei və ölkə rəhbərliyində yer alan bir sıra yüksək vəzifəli şəxslərin öldüyü qeyd olunur.