BAKI, 2 mart. TELEQRAF

Rusiyanın Norveçdəki səfiri Nikolay Korçunov bəyan edib ki, NATO ölkələri Rusiyaya qarşı qismən və ya tam dəniz blokadası planları hazırlayır.

Teleqraf xəbər verir ki, diplomat bu barədə “İzvestiya” qəzetinə müsahibəsində danışıb.

Onun sözlərinə görə, NATO ölkələri əhəmiyyətli hərbi-dəniz potensialına malikdir və artıq beynəlxalq hüququn fundamental normalarını pozaraq gəmiçilik azadlığını məhdudlaşdırmağa hazır olduqlarını nümayiş etdiriblər.

“Ölkəmizə qarşı qismən və ya tam dəniz blokadası planları hazırlanır. Bu cür qanunsuz cəhdlərin ciddiliyini qiymətləndirməmək olmaz”, - deyə Korçunov bildirib.

Diplomat əlavə edib ki, Rusiyanın strateji dəniz kommunikasiyalarına yönələn təhdidlərə və Arktika resurslarına iddialara cavab vermək üçün imkanları mövcuddur. Onun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyi bu istiqamətdə beynəlxalq platformalarda müvafiq iş aparır.

Məlumatda NATO tərəfindən bu iddialarla bağlı rəsmi reaksiya yer almır.