BAKI, 28 fevral. TELEQRAF

ABŞ-nin Milli Aeronavtika və Kosmos Administrasiyası (NASA) “Artemida” Ay proqramının qrafikində dəyişiklik edib və astronavtların Ay səthinə ilk enişini 2028-ci ilə keçirib.

Teleqraf xəbər verir ki, bu barədə NASA məlumat yayıb.

Bildirilib ki, agentlik bu vaxta qədər sınaq uçuşlarına və əsas texnologiyaların təkmilləşdirilməsinə diqqət yetirəcək.

Məlumat Kosmik Mərkəzdə keçirilən mətbuat konfransında açıqlanıb. Fevralın 25-də “Artemida II” missiyasına hazırlıq çərçivəsində SLS ağır raketi “Orion” gəmisi ilə birlikdə sürətləndirici blokun helium təchizatı sistemində yaranmış nasazlığın aradan qaldırılması üçün montaj korpusuna qaytarılıb. Təmir başa çatdıqdan sonra raket yenidən 39B start meydançasına aparılacaq. Dörd astronavtın iştirakı ilə Ayın ətrafına uçuş aprel ayına planlaşdırılıb.

Yenilənmiş plana əsasən, əvvəlcə 2027-ci ildə Ay səthinə eniş nəzərdə tutulan “Artemida III” missiyası Yerə yaxın orbitdə həyata keçiriləcək. Ekipaj “SpaceX” və “Blue Origin” şirkətlərinin kommersiya Ay eniş modulları ilə birləşmə əməliyyatı aparacaq, həyat təminatı, rabitə və mühərrik sistemlərini yoxlayacaq, həmçinin açıq kosmos üçün yeni skafandrları sınaqdan keçirəcək. Ay səthinə eniş isə artıq “Artemida IV” missiyası çərçivəsində 2028-ci ildə reallaşdırılacaq.

Agentlik rəhbərliyi bütün uçuşlar üçün SLS raketi və “Orion” gəmisinin Block 1 konfiqurasiyasını saxlamaq qərarına gəlib və aralıq modifikasiyalardan imtina edib.

NASA administratorunun müavini bildirib ki, hər mərhələ imkanların addım-addım artırılmasına xidmət etməli və əlavə risklər yaratmamalıdır. Agentliyin rəhbəri isə kosmos sahəsində beynəlxalq rəqabətin artdığını vurğulayaraq, məqsədlərə daha sürətlə çatmağın vacibliyini qeyd edib.

Eyni zamanda, NASA öz mühəndis potensialını gücləndirməyi və podratçılarla əməkdaşlıq formatını genişləndirməyi planlaşdırır.