BAKI, 22 fevral. TELEQRAF
Meksikada "Xalisko Yeni Nəsil" (CJNG) narkokartelinin "El Menço" ləqəbli başçısı Nemesio Oseqera Servantesin öldürülməsindən sonra bir neçə regionda avtomobil yollarının bağlanması, maşınların və ticarət obyektlərinin yandırılması müşahidə olunub.
Teleqraf xəbər verir ki, bu barədə "El Universal" məlumat yayıb.
Qəzetin məlumatına görə, hadisələr Halisko ştatı və paytaxt zonası Qvadalaxarada başlayıb, sonra Miçoakan, Guanaxuato və Kolima ştatlarına yayılıb. Guanaxuato şəhərlərində Silao, İrapuato, Moroleon və Purisima-del-Rinkonda apteklər və 24 saat fəaliyyət göstərən mağazalar hədəf alınıb. Miçoakanın bir neçə bələdiyyəsində əsas avtomobil magistrallarında yük maşınları dağıdılıb. Ştat qubernatoru Alfredo Ramirez Bedolla fövqəladə təhlükəsizlik qərargahı çağırıb.
Hazırda bölgədə hərbi qüvvələr, Milli Qvardiya və yerli polis birgə əməkdaşlıq edərək vəziyyəti stabilləşdirməyə və əhalini qorumağa çalışır.