BAKI, 23 fevral. TELEQRAF
“İstanbul” klinikası əmək müqaviləsi olmadan həkim çalışdırdığına görə cərimələnib.
Teleqraf xəbər verir ki, aparılan araşdırma zamanı klinikada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçinin işə cəlb edildiyi müəyyən olunub.
Bu səbəbdən klinika İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini pozmaqda təqsirli bilinib. Həmin maddə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin və ya xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsini qadağan edir.
Qərara əsasən, “İstanbul” klinikası 20 min manat məbləğində cərimə olunub.
Qeyd edək ki, xəbərin ilkin versiyasında texniki səhv səbəbindən klinikanın adı yanlış göstərilmişdi. Məlumat “İstanbul” klinikasına aiddir və “İstanbul NS” klinikasına heç bir aidiyyəti yoxdur. Uyğunsuzluq redaksiya tərəfindən operativ şəkildə aradan qaldırılaraq materialın düzəldilmiş variantı oxuculara təqdim edilib.