BAKI, 23 fevral. TELEQRAF
Pakistanın hava qüvvələri Əfqanıstan ərazisində yerləşən terrorçu düşərgələrinə zərbələr endirərək ən azı 80 üzvünü məhv edib.
Teleqraf xəbər verir ki, bu barədə "Dawn" məlumat yayıb.
Məlumata görə, Pakistan hava qüvvələri "Fitna əl-Xavaric" qruplaşmasına aid yeddi düşərgəni Nəngarhar, Paktika və Xost əyalətlərində dağıdıb. Bu qruplaşma əvvəllər "Tehrik-i-Taliban Pakistan" (TTP) kimi tanınıb.
Pakistanın İnformasiya və Radio-Televizya Nazirliyi bildirib ki, hərbi əməliyyat TTP və “İslam Dövləti” terror qruplaşmasının Əfqanıstandakı filalı “Vilayat Xorasan”ın mövqelərinə endirilən dəqiq zərbələrdən ibarət olub. Əməliyyat ölkədə son terror aktlarına, o cümlədən İslamabadda məsciddə baş verən partlayışa cavab olaraq həyata keçirilib.
Əfqanıstan hakimiyyəti hücum nəticəsində onlarla mülki şəxsin həlak olduğunu bildirib və bunu ölkənin ərazi bütövlüyünün pozulması kimi qiymətləndirib. Hadisəyə cavab olaraq, Pakistanın Kabildəki diplomatik nümayəndəsi Əfqanıstanın Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz bildirilib.