BAKI, 21 fevral. TELEQRAF

Venesuela 2015-ci il 8 mart tarixli fərmana əsasən ABŞ-nin sanksiyalarının uzadılmasını rədd edir.

Teleqraf xəbər verir ki, bu barədə Venesuela xarici işlər naziri İvan Gil Pintonun "Telegram" kanalında dərc olunmuş hökumət kommunikesində bildirilib.

"Venesuela Bolivar Respublikası keçmiş ABŞ prezidenti Barak Obamanın 8 mart 2015-ci ildə imzaladığı 13692 nömrəli İcra Fərmanına uyğun olaraq 2026-cı ilin 18 fevralında ölkəmizə qarşı tətbiq edilən qondarma milli fövqəladə vəziyyətin uzadılmasını qəti şəkildə rədd edir" - deyə kommünikedə bildirilir.

Sənəddə qeyd edilir ki, İcra Sərəncamının qüvvəyə minməsindən on bir il sonra reallıq Venesuelanın ABŞ xalqı və hökuməti üçün "fövqəladə təhlükə" kimi hesab edilməsinin yalan olduğunu təsdiqləyir.

Kommünikedə deyilir ki, Venesuela ABŞ hökumətini beynəlxalq münasibətlərdə konstruktiv və hörmətli rol oynamağa, birtərəfli yanaşmalardan imtina etməyə, hər iki ölkənin xalqları üçün qarşılıqlı anlaşma və qarşılıqlı faydalı münasibətlər mərhələsinə keçməyə çağırır.