BAKI, 21 fevral. TELEQRAF
ABŞ Maliyyə Nazirliyi Serbiyanın “Neft Sənayesi” şirkətinin (NIS) əməliyyat fəaliyyəti üçün lisenziyanı 20 mart tarixinədək uzadıb.
Teleqraf xəbər verir ki, bu barədə Serbiyanın dağ-mədən və energetika naziri Dubravka Cededoviç-Handanoviç məlumat verib.
Onun sözlərinə görə, lisenziyanın uzadılması NIS-ə xam neft tədarükünü davam etdirməyə, Pançevodakı neft emalı zavodunda emal aparmağa və bazarı mütəmadi olaraq neft məhsulları ilə təmin etməyə imkan verəcək.
Nazir bildirib ki, Belqrad sanksiya məsələsinin uzunmüddətli həlli üçün diplomatik təmasları davam etdirəcək. O qeyd edib ki, gələn həftə Vaşinqtona səfər edəcək və NIS-ə tətbiq olunan sanksiyalarla bağlı danışıqlar aparacaq.
Cededoviç-Handanoviç əldə olunan nəticələrin Serbiya hakimiyyətinin apardığı danışıqların nəticəsi olduğunu vurğulayıb. Onun sözlərinə görə, Prezident Aleksandar Vuçiçin və hökumətin siyasəti bu razılaşmanın əldə edilməsinə şərait yaradıb.
Nazir həmçinin qeyd edib ki, Qazprom Neft ilə MOL arasında danışıqlar davam edir və qarşıdakı həftə Serbiyanın mövqelərinin gücləndirilməsi məqsədilə intensiv müzakirələr aparılacaq.