BAKI, 21 fevral. TELEQRAF

ABŞ ordusunun İranla bağlı hərbi planlaşdırması yüksək mərhələyə çatıb və mümkün variantlar sırasında ayrı-ayrı şəxslərin hədəfə alınması, hətta Tehranda hakimiyyət dəyişikliyinə yönələn addımlar da var.

Teleqraf xəbər verir ki, bu barədə iki ABŞ rəsmisi "Reuters" agentliyinə məlumat verib.

Məlumata görə, bu variantlar ABŞ Prezidenti Donald Trampın göstəriş verəcəyi təqdirdə həyata keçirilə biləcək mümkün əməliyyat ssenarilərinə daxildir. Rəsmilər bildiriblər ki, diplomatik səylər nəticə verməsə, Vaşinqton İranla ciddi hərbi qarşıdurmaya hazırlaşır.

"Reuters" ötən həftə yazmışdı ki, ABŞ ordusu İranın təhlükəsizlik obyektləri və nüvə infrastrukturuna zərbələri əhatə edə bilən, həftələrlə davam edə biləcək əməliyyat planı üzərində işləyir.

Mənbələrin sözlərinə görə, son açıqlamalar Trampın qərarından əvvəl daha detallı və iddialı planlaşdırmanın aparıldığını göstərir. ABŞ rəsmiləri təhlükəsizlik səbəbindən adlarının açıqlanmasını istəməyiblər və konkret olaraq hansı şəxslərin hədəf alına biləcəyini deməyiblər.

Qeyd olunur ki, Donald Tramp son günlər İran İslam Respublikasında hakimiyyət dəyişikliyi ideyasını açıq şəkildə gündəmə gətirib. Bununla belə, belə bir ssenarinin böyük quru qoşunları olmadan necə həyata keçirilə biləcəyi barədə ətraflı məlumat verilməyib.

Məlumatda xatırladılır ki, Trampın ilk prezidentlik dövründə də hədəfli əməliyyatlara razılıq verib və 2020-ci ildə İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” qüvvələrinin rəhbəri general Qasım Süleymaninin öldürülməsi əməliyyatını təsdiqləyib. ABŞ administrasiyası 2019-cu ildə bu qurumu xarici terror təşkilatı kimi tanıyıb.

Rəsmilərdən biri İsrailin ötən il İranla 12 günlük müharibə zamanı iranlı hərbi rəhbərləri hədəf almasını “ibrətamiz” adlandırıb. Həmin vaxt regional mənbələr "Reuters"ə azı 20 yüksək rütbəli komandirin, o cümlədən silahlı qüvvələrin baş qərargah rəisi general Məhəmməd Baqerinin öldürüldüyünü bildirmişdi. Mənbənin sözlərinə görə, əsas diqqət İnqilab Keşikçiləri Korpusunun komanda-idarəetmə strukturlarında yer alan şəxslərə yönəlib.

Bununla yanaşı, qeyd edilir ki, fərdi şəxslərin hədəfə alınması daha çox kəşfiyyat resursu tələb edir, çünki konkret hərbi rəhbərin harada olduğunu dəqiq bilmək və əməliyyat zamanı başqa itkilərin qarşısını almaq lazımdır.

Ağ Ev və Pentaqon məsələ ilə bağlı şərh sorğularına dərhal cavab verməyib.

"Reuters" yazır ki, Tramp bir tərəfdən diplomatiyaya ümid etdiyini desə də, razılaşma əldə olunmasa, “çox pis şeylərin baş verə biləcəyi” barədə xəbərdarlıq edib və mümkün addımlar üçün 10-15 günlük müddətə işarə edib. İran isə ABŞ-nin hücumu halında regiondakı Amerika bazalarına cavab zərbələri endirə biləcəyi barədə xəbərdarlıq edib.

Məlumatda bildirilir ki, ABŞ rəsmiləri İranın mümkün hücuma cavab verəcəyini gözləyir və bu, ABŞ itkiləri və regional münaqişə riskini artırır. Tehran əvvəllər də hücum olacağı təqdirdə Hörmüz boğazını bağlamaqla hədələyib. Bu boğazdan dünya neftinin təxminən beşdə biri daşınır.

İranın xarici işlər naziri Abbas Əraqçi danışıqlarda “istiqamətləndirici prinsiplər” üzrə razılıq əldə edildiyini desə də, Ağ Evin mətbuat katibi Karolin Livitt tərəflərin hələ də bir sıra məsələlərdə mövqelərinin uzaq olduğunu bildirib. ABŞ və İsrail İranı nüvə silahı yaratmağa cəhd etməkdə ittiham edir, Tehran isə proqramının sülh məqsədli olduğunu bildirir.