BAKI, 21 fevral. TELEQRAF

ABŞ Ali Məhkəməsinin ölkənin idxal rüsumları siyasəti ilə bağlı verəcəyi qərar Vaşinqtonun Nyu-Dehli ilə yeni ticarət razılaşması planlarına təsir göstərməyəcək.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

Ağ Evdə keçirilən mətbuat konfransında çıxış edən Tramp qeyd edib ki, heç nə dəyişmir. Onun sözlərinə görə, Hindistan tədarükçüləri rüsum ödəyəcək, ABŞ isə belə ödənişlər etməyəcək.

ABŞ Prezidenti Hindistanın baş naziri Narendra Modi ilə münasibətlərinə də toxunub. O, Modi ilə əla münasibətləri olduğunu və ABŞ ilə Hindistan arasındakı əlaqələri fantastik adlandırdığını deyib.

Tramp, həmçinin Ukraynadakı münaqişənin sona çatdırılmasına çalışdığını bir daha vurğulayıb. Onun iddiasına görə, Hindistan əvvəl Rusiyadan neft alırdı, lakin Vaşinqtonun xahişindən sonra bu alışları ciddi şəkildə azaldıb.

Qeyd edək ki, ABŞ administrasiyası fevralın 7-dən Hindistandan idxal olunan məhsullara tətbiq edilən əlavə 25 faiz rüsumu ləğv edib. Bu addım Nyu-Dehlinin Rusiyadan neft alışlarını azaltması ilə izah olunub. ABŞ prezidentinin fərmanında bildirilib ki, əgər Hindistan Rusiyadan neft almağa davam edərsə, Vaşinqton əlavə rüsumları bərpa edə bilər.

Hindistan Xarici İşlər Nazirliyi isə ölkənin 1,4 milyard əhalisinin enerji təhlükəsizliyinin hökumət üçün əsas prioritet olduğunu açıqlayıb və enerji mənbələrinin şaxələndirilməsinin dövlət strategiyasının əsasını təşkil etdiyini vurğulayıb.