BAKI, 21 fevral. TELEQRAF
NASA 6 mart tarixində dörd astronavtdan ibarət ekipajı Ay missiyası çərçivəsində kosmosa göndərməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, söhbət "Artemis II" proqramı çərçivəsində həyata keçiriləcək uçuşdan gedir. Qərar ikinci əsas buraxılış məşqinin uğurla başa çatmasından sonra qəbul edilib.
Bildirilir ki, mütəxəssislər təxminən 50 saat davam edən geri sayım üzrə ümumi məşq keçiriblər. Bu müddətdə raketə təxminən 730 min qallon (təxminən 3 milyon litr) yanacaq doldurulub. Əvvəlki sınaq zamanı baş vermiş hidrogen sızması bu dəfə qeydə alınmayıb.
Baş məşq çox ağır daşıyıcı raket olan "Space Launch System"in uçuşa hazırlığının kompleks yoxlanışı olub. Proqram rəhbərliyi testlərin uğurla keçdiyini və missiyanı real starta daha da yaxınlaşdırdığını bildirib.
NASA-nın start əməliyyatları üzrə direktoru Çarli Blekvell-Tompson sınaqları vacib mərhələ kimi qiymətləndirərək komanda ilə fəxr etdiyini qeyd edib.
Eyni zamanda agentlikdə vurğulanıb ki, start tarixi hələlik ilkin xarakter daşıyır. Qarşıda fövqəladə uçuşun dayandırılması sisteminin testi və yekun hazırlıq yoxlaması var. Zərurət yaranarsa, buraxılış tarixi mart ayındakı start pəncərəsi çərçivəsində dəyişdirilə bilər.