BAKI, 21 fevral. TELEQRAF

ABŞ-in paytaxtı Vaşinqton şəhərində keçirilən Sülh Şurasının ilk iclasında Prezident İlham Əliyevin iştirakı ölkəmizin beynəlxalq münasibətlər sistemində artan nüfuzunun və etibarlı tərəfdaş kimi qəbul olunduğunun növbəti təsdiqidir.

Bu sözləri Telerqaf-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı deyib.

O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın dəvəti ilə dövlət başçımızın bu mühüm platformada yer alması Azərbaycanın regionda sülh və sabitliyin formalaşmasında oynadığı rolun beynəlxalq səviyyədə etiraf edildiyini bir daha göstərdi:

"Tədbir çərçivəsində səslənən fikirlər, xüsusilə ABŞ Prezidentinin Azərbaycan və Ermənistan arasında əldə olunmuş sülhə verdiyi qiymət və Prezident İlham Əliyevin qətiyyətli mövqeyinə yönəlmiş təşəkkür mesajları Azərbaycanın prinsipial, ardıcıl və milli maraqlara əsaslanan siyasətinin nəticəsi kimi qiymətləndirilməlidir. Otuz iki il davam edən qarşıdurmanın aradan qaldırılması, regionda yeni reallıqların formalaşması və sülh gündəliyinin irəli aparılması məhz dövlət başçısı cənab İlham Əliyevin siyasi iradəsi və qətiyyətli liderliyi ilə mümkün oldu".

Günay Ağamalı vurğulayıb ki, Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünü təmin edib və regionda sabitliyin, əməkdaşlığın və dialoqun təşəbbüskarı kimi çıxış edir:

"Vaşinqtonda keçirilən iclasda nümayiş etdirilən münasibət və səslənən fikirlər ölkəmizə verilən dəyərin, Prezident İlham Əliyevin beynəlxalq nüfuzunun və Azərbaycanın qlobal gündəmdə artan rolunun bariz ifadəsidir. Sülh Şurasının maliyyə intizamı və şəffaflıq prinsipləri haqqında qətnaməsinin imzalanması bu platformanın siyasi həm də məsuliyyətli və uzunmüddətli əməkdaşlığa hesablanmış mexanizm kimi fəaliyyət göstərəcəyindən xəbər verir. Azərbaycan belə təşəbbüslərin fəal iştirakçısı olmaqla, regionda dayanıqlı sülhün və təhlükəsizliyin möhkəmlənməsinə bundan sonra da öz töhfəsini verməyə davam edəcəkdir".