BAKI, 20 fevral. TELEQRAF
İspaniya hökuməti ABŞ Prezidenti Donald Trampın rəhbərliyi altında yaradılan Qəzza Sülh Şurasının ilk iclasında Avropa Komissiyasının iştirakına qarşı çıxıb.
Teleqraf xəbər verir ki, İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Barselonada keçirilən tədbirdə çıxış edərək, Aİ-nin Aralıq dənizi üzrə komissarı Dubravka Suicanın Sülh Şurasının iclasında iştirakının səhv olduğunu deyib.
"İclasda olmamalı olan bir Aİ komissarını orada görmək məni məyus etdi. Prezident Trampın səylərinə hörmətlə yanaşıram, lakin Yaxın Şərqdə sülhə nail olmağın başqa yolları da var. Aİ Fələstin məsələsində iki dövlətli həlli dəstəkləyir. İspaniya Fələstin Milli Hakimiyyətini istisna edən təşkilatın bir hissəsi ola bilməz" - XİN rəhbəri qeyd edib.
Albares bildirib ki, İspaniya hökuməti Sülh Şurasında iştirak etmək üçün dəvət alıb, lakin Fələstin təmsilçiliyinin olmaması və ABŞ-nin rəhbərlik etdiyi sülh planının beynəlxalq hüquqa uyğunluğu ilə bağlı ciddi şübhələr üzündən təklifi rədd edib.
Avropa Birliyinin Aralıq dənizi üzrə komissarının Sülh Şurasında iştirakı Fransa da daxil olmaqla bəzi Aİ ölkələrinin tənqidinə səbəb olub.