BAKI, 20 fevral. TELEQRAF
Tehran Vaşintonla nüvə sazişi üzrə danışıqlara ciddi yanaşır.
Teleqraf xəbər verir ki, bunu islam respublikasının xarici işlər naziri Abbas Əraqçi rusiyalı həmkarı Sergey Lavrova telefon danışığı zamanı bildirib.
"Danışıqlar zamanı Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə uyğun olaraq İranın hüquq və mənafelərinə hörmət edilməlidir. Ədalətli və balanslı bir razılaşmaya nail olmaq məqsədi daşıyan danışıqlar prosesinin davam etdirilməsi İranın bu məsələyə ciddi yanaşmasından xəbər verir" - Əraqçi qeyd edib.
Bundan əlavə, Əraqçi Moskvanın beynəlxalq arenadakı konstruktiv və müsbət mövqeyinə görə minnətdarlığını bildirib və Lavrovu İranla ABŞ arasında danışıqlar prosesi ilə bağlı son inkişaflar barədə məlumatlandırıb .
"The Wall Street Journal" qəzetinin məlumatına görə, 17 fevralda Cenevrədə keçirilən ABŞ-İran danışıqlarında Tehran Vaşinqtonun nüvə proqramı ilə bağlı əsas narahatlıqlarını aradan qaldırmaq üçün yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsini Rusiyaya göndərməyi təklif edib. Nəşr iddia edir ki, İran üç ilə qədər zənginləşdirməni dayandırmağa hazırdır.