BAKI, 20 fevral. TELEQRAF
Vaşinqton polisi Azərbaycan Prezidenti İlham Əliyevin kortejinə edilən hücumla əlaqədar araşdırma aparır.
Teleqraf xəbər verir ki, bu barədə TASS-a ABŞ Daxili İşlər Nazirliyinin nümayəndəsi Makheta Vatson bildirib.
"Polis departamenti hadisədən xəbərdardır. ABŞ Gizli Xidməti ilə birlikdə hadisə yerinə baş çəkilib. Heç kim həbs olunmayıb", - deyə o bildirib.
Departament sözçüsü qeyd edib ki, iş ABŞ Gizli Xidməti tərəfindən Dövlət Departamentinə göndərilib.
Xatırladaq ki, fevralın 19-da bir qrup etirazçı Vaşinqtondakı "Waldorf Astoria" hotelinin qarşısında təxribat xarakterli hərəkətlər edib.
Hadisə Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-yə səfəri və Sülh Şurasının ilk iclasında iştirakı zamanı baş verib.
Prezidentin korteji hotelə yaxınlaşarkən etirazçılar mühafizə olunan əraziyə zorla daxil olmağa cəhd göstərib və Prezidentin kortejinə hücum etməyə çalışıblar.
Prezidentin Mühafizə Xidməti təxribatın qarşısını alıb.