BAKI, 20 fevral. TELEQRAF
Avropa İttifaqına (Aİ) üzv olmaq imkanı rəsmi Kiyevi müəyyən ərazi güzəştlərinə getmək məsələsində razı salmaq üçün əsas amil ola bilər.
Teleqraf xəbər verir ki, bu barədə Almaniyanın "Die Welt" qəzeti Aİ ölkələrinin diplomatlarına istinadən məlumat yayıb.
Məlumata görə, Ukrayna Prezidenti Volodimir Zelenski əhali arasında ərazi güzəştləri ilə bağlı dəstək qazanmaq üçün əlində həlledici arqument saxlamalıdır. Rəsmi Brüssel bu məqsədlə Ukraynanın ittifaqa qəbulu prosesini sürətləndirməyə razı ola bilər.
Kiyev isə üzvlüklə bağlı siyasi qərarın məhz 2027-ci ildə veriləcəyinə ümid edir.
Xatırladaq ki, 2022-ci ilin iyununda Ukraynaya namizəd statusu verilib. Avropa Komissiyası qəbul üzrə danışıqlara hələ 2024-cü ildə başlamağı təklif etsə də, Macarıstanın mövqeyi səbəbindən bu planlar reallaşmayıb.
"Politico" nəşrinin daha əvvəl yaydığı məlumata görə, Avropa İttifaqı hazırda Ukraynanın birliyə qəbulunu sürətləndirmək üçün beş addımdan ibarət xüsusi plan hazırlayır.