BAKI, 16 fevral. TELEQRAF

İran ABŞ ilə nüvə razılaşması üzrə danışıqlarda hər iki tərəfə iqtisadi fayda verəcək anlaşmaların əldə olunmasına çalışır və bu çərçivədə enerji, mədənçilik investisiyaları və təyyarə alışı kimi məsələlər də müzakirə mövzularına daxil edilib.

Teleqraf xəbər verir ki, "Reuters" agentliyinin məlumatına görə, İran və ABŞ bu həftə Cenevrədə danışıqların növbəti raundunu keçirməyə hazırlaşır. Tehran sanksiyaların yumşaldılması qarşılığında nüvə proqramı ilə bağlı müəyyən çeviklik siqnalları verir.

İran XİN-in iqtisadi diplomatiya üzrə müavini Həmid Qanbəri yarımrəsmi Fars agentliyinə bildirib ki, razılaşmanın davamlı olması üçün ABŞ-nin də sürətli və yüksək iqtisadi gəlir əldə edəcəyi sahələrdə fayda görməsi vacibdir. Onun sözlərinə görə, danışıqlara neft-qaz yataqları üzrə əməkdaşlıq, birgə sahələr, mədənçilik investisiyaları və hətta təyyarə alışı da daxildir.

Məlumata görə, ABŞ dövlət katibi Marko Rubio Bratislavada keçirdiyi mətbuat konfransında prezident Donald Trampın diplomatiyaya və razılaşma yoluna üstünlük verdiyini, lakin bunun baş tutmaya biləcəyini də açıq şəkildə bildirdiyini deyib. Rubio “İranla indiyədək heç kim uğurlu razılaşma əldə edə bilməyib, amma biz cəhd edəcəyik” ifadəsini işlədib.

Xatırladaq ki, 2018-ci ildə Donald Tramp ABŞ-ni İranla 2015-ci il nüvə sazişindən çıxarıb və Tehrana qarşı sərt sanksiyaları bərpa edib.

"Reuters"in məlumatına görə, bu dəfəki danışıqlar ikitərəfli formatda aparılır, Oman isə vasitəçi rolunu oynayır. İranın xarici işlər naziri Abbas Əraqçi Cenevrəyə yollanaraq ABŞ ilə dolayı nüvə danışıqlarında iştirak etməli, həmçinin MAQATE rəhbərliyi ilə görüşməlidir.

Eyni zamanda, İran XİN baş nazirinin müavini Məcid Təxt-Rəvançi BBC-yə açıqlamasında sanksiyaların qaldırılması müqabilində nüvə proqramı üzrə kompromisə hazır olduqlarını bildirib və “topun ABŞ tərəfində olduğunu” deyib. Bununla belə, Tehran uranın zənginləşdirilməsinin tam sıfırlanmasını qəbul etməyəcəyini vurğulayıb.

"Reuters" yazır ki, ABŞ bölgədə hərbi mövcudluğunu da artırıb və danışıqların uğursuz olacağı təqdirdə uzunmüddətli hərbi kampaniya ehtimalına hazırlaşır. Bundan başqa, Vaşinqton İranın Çinə neft ixracını azaltmaq üçün iqtisadi təzyiqləri gücləndirməyi planlaşdırır. Çin İran neft ixracının 80 faizdən çoxunu qəbul edir və bu ticarətin azalması Tehranın gəlirlərinə ciddi təsir göstərə bilər.