BAKI, 16 fevral. TELEQRAF

Rusiyanın Ottavadakı səfirliyi Avropa ölkələrinin bloqer Aleksey Navalnının zəhərlənməsi ilə bağlı iddiaları fonunda Kanada hakimiyyətinin ünvanladığı ittihamları rədd edib.

Teleqraf xəbər verir ki, TASS agentliyinin məlumatına görə, bu barədə Rusiyanın Kanadadakı səfiri Oleq Stepanovun fevralın 15-də diplomatik nümayəndəliyin mətbuat xidməti tərəfindən yayılan bəyanatında bildirilir.

Bəyanatda qeyd olunur ki, Kanada tərəfinin irəli sürdüyü ittihamlar əsassız və sübutsuzdur. Səfir vurğulayıb ki, Kanada hökuməti bir insanın ölümü üzərindən siyasi oyunlar qurur və bu, həm kinayəli, həm də mənəvi baxımdan qəbuledilməzdir.

Oleq Stepanov əlavə edib ki, Kanada hökumətinin Rusiyanın daxili işlərini şərh etməyə haqqı yoxdur. Onun sözlərinə görə, Rusiya Kanadanın daxili işlərinə qarışmır və Ottavanı da eyni prinsiplərə riayət etməyə çağırır.

Xatırladaq ki, fevralın 14-də Almaniya, Böyük Britaniya, Niderland, İsveç və Fransa birgə bəyanat yayıblar. Həmin bəyanatda Navalnının Ekvadorun zəhərli ağac qurbağasının dərisindən əldə edilən epibatidin maddəsi ilə zəhərləndiyi iddia olunur. Bildirilir ki, bu nəticə Navalnının biomaterial nümunələrinin təhlili əsasında çıxarılıb. Bununla əlaqədar adı çəkilən ölkələrin nümayəndələri Rusiyanı Kimyəvi Silahların Qadağan Edilməsi Konvensiyasını pozmaqda ittiham ediblər.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da TASS-a açıqlamasında bu iddiaların Qərb ölkələrinin qarşısında duran aktual problemlərdən diqqəti yayındırmaq məqsədi daşıyan informasiya atmacası olduğunu bildirib.