BAKI, 15 fevral. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Kiyev üçün təhlükəsizlik zəmanətləri ən azı 30–50 illik müddəti əhatə etməlidir.

Teleqraf xəbər verir ki, bu barədə o, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən mətbuat konfransında danışıb.

Zelenskinin sözlərinə görə, ABŞ tərəfi Ukraynaya 15 illik təhlükəsizlik zəmanətləri təklif edib. Lakin rəsmi Kiyev daha uzunmüddətli mexanizmə üstünlük verir.

“Amerika tərəfdən 15 illik təklif var… Biz 20 ildən artıq, 30–50 il müddətinə zəmanət istəyirik. Administrasiya və Konqres bununla bağlı hansı qərarı verəcək, görəcəyik”, – deyə Ukrayna lideri bildirib.

O qeyd edib ki, investorlar və biznes dairələri beş və ya on ildən artıq davam edəcək uzunmüddətli təminatların mövcudluğunu gözləyirlər.

Bundan əvvəl Politico nəşri yazmışdı ki, ABŞ Kiyev Moskva ilə münaqişənin dayandırılması barədə ümumi razılığa gəlməyənədək Ukraynaya təhlükəsizlik zəmanətləri təqdim etməyəcək.