BAKI, 4 noyabr. TELEQRAF
Çexiyada ictimai televiziya və radionun maliyyələşdirilməsi qaydalarının dəyişdirilməsinə etiraz olaraq genişmiqyaslı tətil başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Çexiyanın ČTK xəbər agentliyi məlumat yayıb.
Praqanın Vatslav meydanında keçirilən mitinqin koordinatoru Daniel Stax bildirib ki, Çexiya Televiziyası və Çexiya Radiosunun təxminən 4 280 əməkdaşından 3 633-ü, yəni 85 faizə yaxını tətilə qoşulub.
Onun sözlərinə görə, etiraz aksiyasında Çexiya Radiosunun 1 376, Çexiya Televiziyasının isə 2 257 ştatlı və ştatdankənar əməkdaşı iştirak edir.
Etirazlar paytaxt Praqa ilə yanaşı, Brno, Ostrava, Çeske-Budeyovitse və digər iri şəhərləri də əhatə edib. Yerli medianın məlumatına görə, Praqa və Brnoda keçirilən aksiyaların hər birinə təxminən 10 min nəfər qatılıb.
Noyabrın 3-də başlayan və 24 saat davam edən tətil səbəbindən ictimai televiziya və radionun fəaliyyəti məhdudlaşdırılıb. Xəbər buraxılışlarının və canlı yayımların sayı azaldılıb. Televiziya aparıcıları elektron suflyorlardan istifadə etmədən xəbərləri kağızdan oxuyublar.
Etirazlara səbəb Çexiya parlamentinin aşağı palatasında ictimai televiziya və radionun dövlət büdcəsindən maliyyələşdirilməsini nəzərdə tutan qanun layihəsinin birinci oxunuşda qəbul edilməsidir.
Hökumətin təqdim etdiyi sənəd televiziya və radio qəbuledicilərinin sahiblərindən yığılan ənənəvi abunə haqlarının ləğvini nəzərdə tutur.
Tətil iştirakçıları hesab edirlər ki, yeni maliyyələşdirmə modeli ictimai medianın büdcəsini 15 faiz azalda və onun hakimiyyətdən asılılığını artıra bilər.
Qanun layihəsinin yekun təsdiqinin yanvar ayında baş tutacağı gözlənilir.
Etirazçılar noyabrın 15-də Praqada növbəti kütləvi aksiya keçirməyi planlaşdırırlar.