BAKI, 4 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın administrasiyası Venesuela ilə Amerika hərbçilərinin bu ölkədə uzunmüddətli yerləşdirilməsini nəzərdə tutan saziş üzrə danışıqlar aparır.

Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti məlumatlı mənbələrə istinadən yazıb.

Nəşrin məlumatına görə, ABŞ dövlət katibi Marko Rubio hərbi qüvvələrin statusuna dair sazişin hazırlanması prosesinə rəhbərlik edir. Sənəd Amerika hərbçilərinin Venesuelada uzunmüddətli mövcudluğu üçün hüquqi əsas yaratmalıdır.

Hərbi kontingentin yerləşdiriləcəyi ərazilər və digər detalların sonrakı razılaşmalar çərçivəsində müəyyənləşdirilməsi nəzərdə tutulur.

Bununla belə, ABŞ-nin Venesuelada yeni hərbi bazalar tikməyi, yoxsa mövcud bazalardan istifadə etməyi planlaşdırdığı hələlik məlum deyil.

ABŞ Dövlət Departamentinin adı açıqlanmayan nümayəndəsi Vaşinqtonun Venesuela ilə təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirmək niyyətində olduğunu təsdiqləyib. Lakin o, hazırda hərbi bazaların yaradılması ilə bağlı danışıqlar aparılmadığını vurğulayıb.

NYT-nin müraciət etdiyi ekspertlər hesab edirlər ki, Amerika hərbçilərinin Venesuelada yerləşdirilməsi bir sıra çətinliklərlə üzləşə bilər. Bunlara ölkədə antiamerika əhval-ruhiyyəsinin güclənməsi, uyğun hərbi infrastrukturun olmaması və iki ölkənin silahlı qüvvələri arasında təxminən on ildir davam edən əməkdaşlıq fasiləsi daxildir.

Nəşr qeyd edir ki, tərəflər arasında hərbi əməkdaşlığın bərpası və qarşılıqlı etimadın formalaşdırılması müəyyən vaxt tələb edə bilər.