BAKI, 14 fevral. TELEQRAF

Norveçin baş naziri Yonas Qar Store nüfuzlu norveçlilərlə mərhum amerikalı seks cinayətkarı Cefri Epşteyn arasındakı əlaqələrin tam şəkildə araşdırılmasının vacib olduğunu bildirib.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Baş nazir son Epşteyn sənədlərinin dərcindən sonra ilk geniş müsahibəsində seçicilərin narahatlığını aradan qaldırmağa çalışdığını deyib. Onun sözlərinə görə, milyonlarla sənədin açıqlanması diplomatlar, aparıcı siyasətçilər və kral ailəsi üzvlərinin Epşteynlə geniş təmasda olduğunu göstərib və bu, cəmiyyətdə ciddi narahatlıq doğurub. Bildirilir ki, adları çəkilən şəxslərin hamısı Epşteynin cinayətləri ilə hər hansı əlaqəni inkar edir.

Yonas Qar Store Norveçin dövlət televiziyası NRK-ya müsahibəsində deyib ki, insanlar güc sahibi olan şəxslərlə bu əlaqələri və bunun gücsüz insanlara, yəni zorakılığa məruz qalanlara necə təsir etdiyini öyrənəndə sarsılıb. O vurğulayıb ki, baş nazir kimi bu məsələ ilə bağlı açıq danışmaq və bütün imkanlarla həqiqətlərin aydınlaşdırılmasına töhfə vermək onun məsuliyyətidir.

Məlumata görə, Norveç parlamenti Xarici İşlər Nazirliyinin Epşteynlə mümkün əlaqələri ilə bağlı nadir hallarda keçirilən xarici araşdırmanın başlanacağını elan edib. Eyni zamanda polis də ayrıca araşdırmalar aparır. Bundan başqa, Norveç vəliəhdi şahzadə Mette-Marit Epşteynlə dostluğuna görə üzr istəyib.

Cümə günü Norveç Kitabxanalar Assosiasiyası bildirib ki, saraydan vəliəhd şahzadənin Epşteynlə əlaqələri barədə tam izahat alana qədər onunla əməkdaşlığı dayandırır. Assosiasiya açıqlamasında demokratiya, etimad və təhlükəsizliyin onlar üçün əsas dəyərlər olduğunu qeyd edib. Kral sarayı isə məsələyə dərhal şərh verməyib.

Bundan əvvəl polis Norveçin sabiq baş naziri və xarici işlər naziri, həmçinin Norveç Nobel Komitəsinin keçmiş rəhbəri və Avropa Şurasının sabiq baş katibi Turbyorn Yaglandın evində axtarış aparıb. O, ağır korrupsiya şübhəsi ilə dindirilib və vəziyyətin aydınlaşdırılmasına kömək etməyə hazır olduğunu bildirib.

Polis həmçinin 1990-cı illərdə İsrail ilə Fələstin Azadlıq Təşkilatı arasında Oslo razılaşmalarına aparan gizli danışıqlar kanalının yaradılmasında rol oynamış diplomat Mona Yuulu da Epşteynlə əlaqələri ilə bağlı dindirib. O, özünün heç bir cinayət törətmədiyini deyib.