BAKI, 16 aprel. TELEQRAF
Son günlər Türkiyədə məktəblərdə baş verən silahlı hücumlar cəmiyyətdə ciddi narahatlıq yaradıb. Bu hadisələrin səbəbləri müxtəlif aspektlərdən müzakirə olunur. Bu kontekstdə seriallar, internet oyunları kimi amillərlə yanaşı, cəmiyyətin ədəbiyyatdan uzaqlaşması da qeyd edilir. Ədəbiyyatdan uzaqlaşma cəmiyyətdə zorakılıq meyillərinin artmasına təsir göstərirmi? Audiovizual məhsulların uşaqlara hansı mənfi təsirləri var? Bu günün məzmun yaradıcıları cəmiyyətə hansı mesajları ötürürlər?
Mövzu ilə bağlı fikirlərini Teleqraf-la bölüşən şair, esseist Qismət Rüstəmov bildirib ki, məqsədsiz və idealsız həyat insanı dəyərsiz hiss etdirir:
“Zorakılığın səbəbləriylə bağlı iki əsər ağlıma gəlir. Biri Vilyam Qoldinqin dünyaca məşhur “Milçəklərin tanrısı” romanıdır, digəri isə Layonel Şrayverin sonradan filmi də çəkilən “Kevin haqqında danışmalıyıq” əsəri. Vilyam Qoldinq romanı mədəniyyətin nəzarəti olmasa, insanın içindəki həmişə çıxmağa hazır vəhşi barəsindədir, Şrayverin əsəri isə “zorakılığın anadangəlmə, yoxsa təlim-tərbiyə məsələsi” olmağını araşdırır.
Məncə, ictimai normalar sıradan çıxanda, köhnə dəyərlər gücünü itirib yerinə yeniləri gəlməyəndə və bu ərəfədə ayrılıqda hər bir fərd özünü harasa aid, mənsub hiss edə bilməyəndə bu cür hadisələr çoxalır. Şübhəsiz, burada cəmiyyətdəki ədalətsizliyin yaratdığı inamsızlıq da var, qanunsuzluq qanun olan cəmiyyətlərdə gənclər uğuru illeqal meydançalarda axtarmağa başlayırlar. Video oyunların, serialların zorakılığa təkan verməsiylə bağlı yekdil rəy yoxdur, ancaq bir məsələ dəqiqdir ki, hazırlıqsız, kimlik axtarışı davam edən yeniyetmələrin psixoloji problemlərinə bunların mənfi təsiri var.
Seriallarda kriminal avtoritetlər, mafiya nümayəndələri bir səhnədə 30-40 nəfəri öldürür, 5-6 nəfəri cəzalandırır, o biri səhnədə isə müqəddəs kitablardan, şairlərdən, filosoflardan sitatlar gətirir – bu paradoks hələ axtarış mərhələsində olan yeniyetmələr üçün pis örnəkdir”.

“Adam deməyə söz tapmayanda, deşməyə göz axtarır”
Q.Rüstəmov qeyd edib ki, indiki dünyada kitaba, elmə, ədəbiyyata, ümumilikdə mədəniyyətin simvollarına daha çox sarılmalıyıq.
"Vilyam Qoldinqin “Milçəklərin tanrısı” romanında personajlardan birinin eynəyi qırılır - eynək əsərdə sağlam düşüncəni, elmi, idrakı təmsil edir, - o qırılan kimi ağılsızlıq, zorakılıq üzə çıxmağa başlayır. Demokratiyanı, fikir azadlığını simvollaşdıran balıq qulağı parçalananda isə artıq zorakılığın, vəhşiliyin hökmranlığı başlayır.
Layonel Şrayverin “Kevin haqqında danışmalıyıq” romanı bu günlərdə baş verən hadisələrlə daha çox səsləşir. Kevin adlı yeniyetmə liseydə terror aktı törədir və həbs olunur, roman Kevinin anası Evanın həbsdəki oğluna yazdığı məktublar şəklindədir. Roman sosiologiyanın məşhur sualı üstündə qurulub: uşaqların cinayətə olan meyli genetik koddur, yoxsa sevgisiz ailə mühitinin nəticəsidir? Roman bu suala belə cavab verir ki, Kevinin zəkası, talantı vardı, ancaq ailəsi onun bacarıqlarını da, çatışmazlıqlarını da görmədiyi üçün onu bir ideala, bir məqsədə yönəldə bilməyib. Məqsədsiz, idealsız həyat insanı dəyərsiz hiss etdirir. Beləcə, Kevin düşünür ki, heç kim olmaqdansa, hamının nifrət etdiyi məşhur qatil olmaq daha yaxşıdır.
Kitab oxumaq - əlbəttə, mən ancaq yaxşı kitabları nəzərdə tuturam - təkcə özümüzü yox, başqasını anlamağa da kömək edir, özümüzü başqasının yerinə qoymaq bacarığımızı rəndələyir. Bu günün araşdırmaları təsdiq edir ki, ancaq məlumat, informasiya əldə etmək karımıza gəlmir, bizə hissi, emosional təcrübə yaşadan, estetika duyğumuzu diri saxlayan incəsənətsiz keçinmək mümkün deyil. Kitab oxumaq, istər elmi olsun, istər bədii bizim söz dağarcığımızı, özünüifadə imkanlarımızın sərhədlərini genişləndirir. Məncə, zorakılıq da bir növ sos siqnalı, xəbərdarlıq fişəngidir, yəni o da hardasa ifadə formasıdır. Adam deməyə söz tapmayanda, çıxarmağa göz axtarır. Yanaşı tənhaların çoxaldığı dünyamızda elmin və ədəbiyyatın qədrini bilməliyik”.

"Cəmiyyətdə sevgi azalıb"
Şair Sabir Rüstəmxanlının sözlərinə görə, uşağa elm öyrətməkdən əlavə mənəvi dünyanı və insanlığı öyrətmək lazımdır:
"Belə hadisələr Amerikada, başqa ölkələrdə də olub. Türkiyədə və Azərbaycanda nadir hadisələrdir. Çox ciddi həyəcan siqnalıdır. Cəmiyyət radikallaşır. Ümumiyyətlə, cəmiyyətdə sevgi hissi azalıb. Uşaqlar sevgi və mərhəmətlə böyüməlidir".
Onun sözlərinə görə, körpə yaşından uşaqlara telefon kimi vasitələrin verilməsinin mənfi tərəfləri var.
"Uşaqlar telefonda müxtəlif oyunlar oynamağa başlayırlar. Həmin oyunlar da çox zaman mərhəmət duyğusundan uzaq olur. Onlar daha çox texnologiyanın inkişafı üzərində qurulmuş, süni zəka ilə yaradılmış səhnələrdir. Onlar da əsasən döyüşü ehtiva edir. Ekranda gördükləri bu cür səhnələr uşaqların yaddaşına hopur və onların gələcəyində müəyyən iz buraxır.
Ümumiyyətlə, filmlərin bir hissəsi də kobudluq, nifrət duyğularına köklənib. Televiziyada göstərilən filmlərin çoxu Qərbdən gələn filmlərdir. Bu da təsirsiz qalmır".
S. Rüstəmxanlı uşaqların daha çox ədəbiyyata yönəlməli olduğunu bildirib.
"Türkiyədə bir liseydə görüşdə olmuşdum. Uşaqlara "şeir deyə bilərsinizmi" sualını verdim. Gördüm ki, şeir əzbərləmək ənənələri yoxdur. Şeir, klassik ədəbiyyat, folklor uşaqların ruhuna mərhəmət duyğusu əkən vasitələrdir. Onların ruhunu tərbiyə edir. Bunlar olmadıqda vəhşilik olur. Buna görə də ədəbiyyatın çox böyük rolu var. Uşaqlar ədəbiyyata yönəlməlidirlər".

“Bu fəlakət çağımızın bütün Qabilləri bütün Habilləri öldürənədək sürəcək"
Yazıçı Aqşin Yenisey hesab edir ki, ənənəvi ailə modeli dağılıb, doğulan uşaqların yarısı, bəlkə də, yarıdan çoxu bir valideynlə böyüyür:
“Onlar həyata travma ilə başlayır, günahkar axtarırlar. Həyatın nə olduğunu dərk etmədən tale ilə üzləşirlər. Hər bir yeniyetmə üçün yanında olmayan valideyn “günah keçisi”dir artıq. O, bu taleyə görə kimisə cəzalandıracaq, ya özünü öldürəcək, ya başqasını. Bəzi yeniyetmələr özünə qəsd edir, bəziləri də Türkiyədə məktəblərdə olduğu kimi başqalarına atəş açır. Üstəlik, bu travmalı uşaqları güclü olmağa təşviq edən primitiv sosial media platformaları, onlayn oyunlar da əlçatandır.
Dəfələrlə şahid olmuşam ki, 5–6 yaşlı uşaqlar internet oyunlarında adam öldürürlər. Bu oyunlar onlarda yalançı qəhrəmanlıq illüziyası yaradır. Onlar empatiya hissindən məhrumdurlar. Başqası onlar üçün yaddır. Metaforik desək, bu gün bir-birilərini öldürən yeniyetmələr internetdə böyüyən Habil və Qabillərdir. Təhsilin yalnız bazara, gələcəkdə qazanılacaq yaxşı maaşa xidmət etməsi də uşaqları mənəvi dəyərlərdən uzaq salıb.
On beş il əvvəl biz eşidəndə də ABŞ-də çox adam Dreysleri tanımırdı, bizə qəribə gəlirdi. İndi eyni mənəvi uzaqlaşma bizə də gəlib çıxıb. Məktəblərdə, universitetlərdə mənəvi, fəlsəfi mövzulara aid görüşlər yox səviyyəsindədir. Gənclər arasında aparılan mənəviyyat təbliğatı da ancaq sektalaşmış dini təbliğatdır. Bu, qlobal prosesdir, uzun müddət qarşısını almaq mümkün olmayacaq. Çağımızın bütün Qabilləri bütün Habilləri öldürənədək sürəcək bu fəlakət. Çünki böyüklərin dünyası korlanıb. Uşaqlarda günah yoxdur”.

"Bu cür məlumatlar baş verən qətl hadisələrinin ən başlıca səbəbidir"
Kinoprodüser Fehruz Şamıyev bildirib ki, bütün dünyada kriminal mövzular gənclər üçün hər zaman diqqətçəkən məqam olub.
"Bu tip hadisə dünyanın müxtəlif ölkələrində baş verir. Bunun səbəbləri isə müəyyən istinadlara bağlıdır. Əksər vaxtı bu tip hadisələr daha çox psixoloji problemli insanlar tərəfindən reallaşdırılır.
Amma məsələnin digər tərəfi də var - insan, xüsusən də yeniyetmələrin bir dönəmində keçid halı baş verir. O halda valideynlər daha diqqətli olmağa çalışırlar. Çünki yeniyetmənin həmin keçid dövrü onun ətrafı ilə birbaşa əlaqəlidir.
Baş verən hadisənin səbəbi tam bəlli olmasa da burada baş verən hadisə yox, ümumi cəmiyyətin sürükləndiyi boşluq önəmli rol oynayır. Bu boşluq indiki dönəmdə daha çox audiovizual məhsullarla doldurulur.
Demək olar ki, dünyada kriminal mövzular gənclər üçün daha çox diqqətçəkəndir. Onların bu mövzuların təsir dairəsinə düşməsi anlaşılandır. Amma bu tip təbliğatın qarşısını hansısa qaydalar və sərt qərarlarla almaq çətindir. Bu baxımdan da istehsal olunan audiovizual məhsulların nəyi təbliğ etməsi önəmlidir.
Ümumiyyətlə, məsələyə bir coğrafi yanaşma da olmalıdır. Bu tip hadisələrin baş verdiyi ölkələrdə təkcə təbliğat maşını deyil, əhalinin psixoloji durumunu da gözdən keçirmək lazımdır. Məsələn, Türkiyə telekanallarında bir gündə baş verən ölüm və qətl hadisələri, qadınların keçmiş həyat yoldaşları tərəfindən öldürülmə faktları sadə şəkildə, sanki belə olmalıymış kimi təbliğ olunur. Sadə bir yol qəzasında sürücülərin bir- biriləri ilə soyuq silahlardan istifadə edərək dalaşması həmin ölkənin xəbər buraxılışlarında adi bir hal alıb. Bütün bunlar ölkənin psixoloji durumu ilə də bağlıdır.
Sözsüz ki, burada hər gün efirlərdə nümayiş olunan kriminal mövzulu serialları da nəzərə almaq lazımdır. Amma düşünürəm ki, ilk növbədə heç bir etik qaydalara sığmayan xəbər buraxılışlarındakı bıçaqlanma, qisas tipli məlumatlar baş verən qətl hadisələrinin ən başlıca səbəbidir. Məlumdur ki, Türkiyədəki hadisəni törədən şəxs Amerikada buna bənzər hadisənin səbəbkarının fotosunu öz sosial media hesabına yerləşdirib. Bu da onun göstəricisidir ki, baş verən canlı hadisə audiovizaul məhsuldan daha çox yeniyetmələrə təsir edir.
Mənə belə gəlir ki, birmənalı olaraq ölkənin xəbər istehsalçıları bıçaqlanma, qətl hadisələri və bu tipli məlumatları həm televiziya, həm də saytlardan yığışdırmalıdırlar".
“Pandora qutusu”nu açırıq və sonra qarşısını ala bilmirik
Sosioloq Üzeyir Şəfiyev isə bildirib ki, uşaqların davranışları, hərəkətləri sosiallaşdıqları mühitlə izah olunur. Onların hansı mühitdə sosiallaşmasına diqqət etməliyik.
"Təəssüf ki, bu gün ailə, məktəb kimi sosiallaşma institutları sosial mediaya, internetə uduzur. Bədii və cizgi filmlər subliminal mesajlar ötürür. Bu məsələdə diqqətli olmalıyıq. Bəzi filmlər, cizgi filmlər var ki, uşaqlar orada aqressiya görürlər. Orada uşaqların cinsi kimliyinə, xarakterinə təsir göstərən paylaşımlar olur.
Ədəbiyyatın, mətbuatın rolu böyükdür. Onların missiyası cəmiyyəti təmizləmək, kamilləşdirməkdir. Onlar cəmiyyəti saflaşdırmalıdır. Amma bu gün onlar da sosial mediaya uduzur. Oxucu, tamaşaçı qazanmaq üçün onlar da sosial medianın arxasınca gedirlər. Bəzi yazıçılar oxucu qazanmaq üçün sarı informasiyalardan istifadə edirlər.
Bəzən media da hüquqa zidd əməllər törətmiş insanı cəmiyyətə bir qəhrəman kimi təqdim edir. Bəzi kanallar sanki oğru dünyasını təbliğ edir. Belə hallar yolverilməzdir. Belə məlumatları verərək sanki “Pandora qutusu”nu açırıq və sonra qarşısını ala bilmirik”.

Sosioloq deyib ki, Türkiyədə və Azərbaycanda yeniyetmələr tərəfindən törədilən hadisələr təhlil olunanda aydın olur ki, bu hadisələr heç də bizim cəmiyyətlər üçün xarakterik deyil.
Almaniya təcrübəsi
Ü.Şəfiyev belə halların qarşısını almaq üçün Almaniya təcrübəsindən istifadənin mümkün olduğunu bildirib.
“2017-ci ildə Almaniya hökuməti ilə sosial şəbəkə operatorları arasında bir müqavilə bağlanıb. Həmin müqaviləyə əsasən, hüquqa zidd davranışlar sərgiləyən saxta profillər aşkarlanaraq hökumətə təhvil verilib. Onlar barədə hökumət ölçü götürüb. Yaxşı olar ki, bizdə də sosial şəbəkə operatorları ilə müqavilə bağlanılsın ki, belə paylaşımlar edilməsin.
Belə halların qarşısını almaq üçün hökumətlər səviyyəsində immunitet mexanizmləri olmalıdır. Ümid edirəm ki, bir neçə aydan sonra Azərbaycanda sosial media ilə bağlı reallıq dəyişəcək. Çünki ölkə başçısı uşaqların rəqəmsal mühitdə qorunması ilə bağlı sərəncam imzalayıb. Orada çox aydın şəkildə qeyd olunub ki, ilk növbədə dünya təcrübəsi öyrənilərək Azərbaycanda da sosial şəbəkələrdən istifadə üçün yaş məhdudiyyəti qoyulacaq. Məktəbəqədər müəssisələrdə, məktəblərdə istifadə qaydaları müəyyənləşəcək. Həmçinin internetdən istifadənin qaydalarını, mənfi və müsbət tərəflərini bilmək üçün dərs vəsaitlərində, proqramlarda bununla bağlı mövzular olacaq. Çox güman ki, sosial şəbəkə fəaliyyətini tənzimləyən ayrıca qanun da olacaq”, - sosioloq vurğulayıb.