BAKI, 27 yanvar. TELEQRAF

İtaliyanın Tehrandakı səfiri Paola Amadei İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Teleqraf xəbər verir ki, buna səbəb İtaliya xarici işlər nazirinin İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə bağlı açıqlamaları olub.

İran Xarici İşlər Nazirliyinin Qərbi Avropa məsələləri üzrə baş direktoru Əlirza Yusif görüşdə İtaliya xarici işlər nazirinin açıqlamasına sərt etirazını bildirib və SEPAH-ın İran İslam Respublikasının silahlı qüvvələrinin bir hissəsi olduğunu deyib.

İtaliya səfiri öz növbəsində məsələni ən qısa müddətdə hökumətinin diqqətinə çatdıracağını bildirib.

İran mediasının verdiyi məlumata görə, İtaliya xarici işlər naziri Antonio Tajani təklif edib ki, SEPAH AB-nin terrorçu siyahısına əlavə edilsin.

Daha öncə isə İtaliya, Fransa və İspaniya SEPAH-ın terrorçular siyahısına salınmasına qarşı çıxıblar.