BAKI, 3 aprel. TELEQRAF
Türkiyənin İstanbul şəhərinin Osmangazi rayon Kaymakamlığının və Azərbaycan Diasporuna Dəstək Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan–Türkiyə dostluq layihəsi” çərçivəsində türk şəhid övladları Azərbaycanda səfərdədir.
Bu barədə Teleqraf-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Cari ilin 1–5 aprel tarixini əhatə edən layihənin səfər proqramına uyğun olaraq, qonaqlar Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyevlə görüşüblər.
Qonaqları səmimi salamlayan Valeh Hacıyev qardaş Türkiyədən gələn şəhid övladlarının Azərbaycan xalqı üçün böyük mənəvi dəyər daşıdığını vurğulayıb. O, Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlıq münasibətlərinin ortaq tarix, dil və milli-mənəvi dəyərlərə əsaslandığını, həmçinin şəhidlərin müqəddəs xatirəsi ilə daha da möhkəmləndiyini bildirib. Şəhid övladlarının bu müqəddəs irsi layiqincə davam etdirdiklərini və hər iki ölkə üçün böyük qürur və iftixar mənbəyi olduqlarını diqqətə çatdırıb.
Komitənin şöbə müdiri Cavid İsmayıl və Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev Azərbaycanda şəhid ailələrinə göstərilən diqqət və qayğının dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olduğunu vurğulayıblar. Həmçinin “Azərbaycan–Türkiyə dostluq layihəsi” çərçivəsində həyata keçirilən bu kimi təşəbbüslərin iki qardaş ölkə arasında dostluq və həmrəyliyin daha da gücləndirilməsinə, eyni zamanda bu ali dəyərlərin gənc nəsillərə aşılanmasına mühüm töhfə verdiyini deyiblər.
Görüş şəhid övladlarına xatirə hədiyyələrinin təqdim olunması ilə yekunlaşıb.
Görüşdən sonra qonaqlar komitənin inzibati binası ilə tanış olublar. Onlara komitənin yaranma tarixi, fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr barədə geniş məlumat verilib.
Layihə çərçivəsində şəhid övladlarının ölkəmizin tarixi və mədəni məkanları ilə tanışlığı, həmçinin bir sıra rəsmi və mədəni tədbirlərdə iştirakı nəzərdə tutulub.