BAKI, 3 aprel. TELEQRAF

"Ermənistanda bu ilin yayında keçiriləcək parlament seçkiləri öncəsi siyasi mühit gərginləşməkdə davam edir. Təşviqat kampaniyası çərçivəsində Rusiyanın dəstəklədiyi siyasi qüvvələrin çağırışları Ermənistanın hazırkı Baş naziri Nikol Paşinyandan fərqlidir. Paşinyan regionda yaranmış yeni reallıqları qəbul edir və seçki prosesinə 4-cü respublika qurmaq şüarı ilə daxil olur".

Bu sözləri Teleqraf-a Milli Məclisin deputatı Azər Badamov deyib.

O qeyd edib ki, bu şüarın altında dayanan əsas məsələlər real Ermənistan konsepsiyası, konstitusiyasını dəyişmək, Azərbaycanla yekun sülh müqaviləsi imzalamaq, regional kommunikasiyaların açılmasına nail olmaq və Qərbə inteqrasiyası üzərində qurulub:

“1 apreldə hətta Paşinyan Kremlə dəvət olundu və Rusiya Prezidenti Vladimir Putinlə görüşdə Ermənistanın seçkidən sonra tutacağı kursunun hansı istiqamətə olacağına aydınlıq gətirildi. Görünən o oldu ki, Paşinyan özünün çağırışları üzərində möhkəm dayanıb və seçkidə xalqdan yenidən etimad qazandıqdan sonra müəyyən olunmuş ssenarini açıq şəkildə davam etdirməkdə israrlıdır. Bu həm də sülh gündəliyinin möhkəmlənməsi və regional inteqrasiyanın genişləndirlməsi deməkdir”.

Deputat bildirib ki, Ermənistandakı hazırkı müxalifət qüvvələri isə Rusiya yönümlü siyasəti müdafiə edir, II Qarabağ müharibəsindəki məğlubiyyətdə Paşinyanı günahlandırır:

“Onlar Qarabağ “məsələsinin” hələ bağlanmadığını və Azərbaycanla sülh müqaviləsinin bağlanması üçün yeni reallığın yaradılmasından danışır. Amma Ermənistan cəmiyyətinin əksər hissəsi müxalifətin çağırışlarını qəbul etmir və onları talançı və quldur adlandırır. Bu mənada seçkilərin necə yekunlaşacağı və post seçki dövrü ilə bağlı proqnozun verilməsi o qədər də çətin deyil. Çünki, Paşinyan müxalifəti özünə seçkidə böyük rəqib görmür. Hətta aparılan rəy sorğularında da Paşinyan böyük səs çoxluğu ilə müxalifətin nümayəndələrindən bir neçə dəfə irəlidə gedir. Bu baxımdan post seçki dövründə Paşinyanın hakimiyyətdə qalmaq ehtimalı çox böyükdür və onun hakimiyyətinin növbəti dövüründə Azərbaycanla yekun sülh müqaviləsinin bağlanması, regional əməkdaşlığın genişləndirlməsi məsələləri gündəlikdə olacaq. Müxalifət isə seçkidə məğlub olandan sonra bir müddət sakitləşəcək. Sonra isə ətrafına yeni qüvvələri yığmağa və Paşinyana qarşı ittihamlar səsləndirməklə yeni narazı kütlə yaratmaqda davam edəcək”.