BAKI, 26 yanvar. TELEQRAF
Avstriyanın ən böyük müxalifət qüvvəsi olan Azadlıq Partiyasının baş katibi Mixael Şnedlits ölkənin xarici işlər naziri Beate Maynl-Rayzingerin Ukraynaya humanitar yardımın 3 milyon avro artırılması qərarını kəskin tənqid edib və onun istefasını tələb edib.
Teleqraf xəbər verir ki, bu barədə "Kurier" qəzeti yazıb. Şnedlitsin sözlərinə görə, böhran şəraitində Avstriya xalqının vəsaitlərini korrupsiyalaşmış sistemə yönəldən şəxs xalqın nümayəndəsi kimi vəzifədə qala bilməz.
“Böhran fonunda Avstriya xalqının pulunu götürüb onu korrupsiyaya bulaşmış sistemə verən hər kəs xalqın nümayəndəsi postundan getməlidir”, – deyə o bildirib.
Müxalifət siyasətçisi əlavə edib ki, Ukrayna artıq Vyananın düşünmədən milyardlar axıtdığı dibsiz quyuya çevrilib. Qəzetin yazdığına görə, Şnedlits bazar günü yaydığı ayrıca bəyanatda Avstriya hakimiyyətini Ukraynaya bütün ödənişləri tam dayandırmağa çağırıb.