BAKI, 26 yanvar. TELEQRAF
Qazaxıstan Konstitusiyasına ediləcək dəyişikliklər çərçivəsində korrupsiya cinayətlərində təqsirli bilinən şəxslərin (məmurların) seçkilərdə iştirakının qadağan olunması təklif edilir.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan parlamentin deputatı, Konstitusiya Komissiyasının üzvü Nurlan Beknazarov məlumat verib.
“Qanunla müəyyən edilmiş qaydada korrupsiya cinayətləri və ya hüquqpozmalarında təqsirli bilinən vətəndaşların seçilmək hüququ olmamalıdır”, - o bildirib.
Beknazarov əlavə edib ki, məhkəmə tərəfindən qanuni olaraq fəaliyyət qabiliyyəti olmayan elan edilmiş vətəndaşlar və ya həbs cəzası çəkənlərə də seçkilər və referendumlarda iştirak etmək hüququ verilməməlidir. Bundan əlavə, Qazaxıstandan kənara daimi köçmüş, vətəndaşlığını itirmiş və ya seçildikləri partiyadan çıxmış və ya partiya fəaliyyətini dayandırmış üzvlərin parlamentdəki yerlərinin ləğv edilməsi təklif olunur.
Xatırladaq ki, Prezident Kasım-Jomart Tokayevin sərəncamı ilə bu islahatların hazırlanması üçün Konstitusiya Komissiyası yaradılıb. Dəyişikliklərin referendumda səsverməyə çıxarılması planlaşdırılır, amma referendumun tarixi hələlik açıqlanmayıb.