BAKI, 26 yanvar. TELEQRAF
Aparılan yoxlamalar zamanı mal əti adı ilə satışa təqdim olunan məhsullardan götürülmüş nümunələrdə bir sıra hallarda at və camış ətinə məxsus DNT-nin mövcudluğu aşkar edilib.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əziz Şərifov agentliyin 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, istehlakçıları aldatmaq məqsədilə “kənd toyuğu” görüntüsü yaratmaq üçün sintetik boyaq maddələrindən istifadə edilərək toyuqların süni şəkildə sarı rəngə boyanması faktlarının qarşısı alınıb.
"Eyni zamanda bəzi məhsullarda dadlandırıcı maddələrin normadan artıq istifadəsi halları müəyyən edilərək müvafiq tədbirlər görülüb", - o əlavə edib.
Əziz Şərifovun sözlərinə görə, ov ətlərindən də qanunsuz istifadə faktlarına rast gəlinib.
O bildirib ki, hətta 7 obyektdə “Qırmızı kitab”a daxil edilmiş oxlu kirpi və turac ətlərinin satışa və ya istifadəyə cəlb edilməsi aşkarlanıb, qanunvericiliyə uyğun tədbirlər həyata keçirilib.