BAKI, 26 yanvar. TELEQRAF
Astara rayonunda qumar oynayan 17 yaşlı oğlan inzibati məsuliyyətə cəlb olunub.
Teleqraf-ın əldə etdiyi məlumata görə, Astara rayon sakini, 2008-ci il təvəllüdlü Elmir Babayev (ad-soyad şərti verilib – red.) təxminən bir ay əvvəl “Pin-up” adlı onlayn qumar proqramlarını mobil telefonuna yükləyib, həmin reklamlar onda pul qazanmaq həvəsi yaradıb.
Bu səbəbdən də həmin onlayn qumar proqramlarını mobil telefonuna yükləməklə qumar oyunlarında iştirak edib.
Ümumilikdə onun uduzduğu məbləğ isə 20 manat olub.
Babayevin barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci (qumar oyununda iştirak etmə) maddəsi ilə ittiham elan edilib.
İş baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilib.
Məhkəmə araşdırması zamanı məlum olub ki, Babayevin barəsində tərtib edilmiş protokol və ona əlavə edilmiş sənədlər natamamdır.
Buna görə də sənədlərin Astara Rayon Polis Şöbəsinə geri qaytarılması barədə qərar qəbul edilib.