BAKI, 26 yanvar. TELEQRAF

"Ölkəmizə il ərzində 107 ölkədən qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətə aid müxtəlif növ məhsullar idxal edilib. İdxal prosesində aparılan yoxlamalar zamanı 787 uyğunsuzluq halı aşkarlanıb.".

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əziz Şərifov agentliyin 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, təhlükəsizlik və keyfiyyət göstəricilərinə cavab verməyən 2 min ton və 308 min ədəd məhsulun dövriyyəyə buraxılmasının qarşısı alınıb. Həmçinin 7 müxtəlif ölkəyə məxsus 19 istehsalçı müəssisədən ölkəmizə məhsul idxalına qadağa tətbiq olunub", - o əlavə edib.

Onun sözlərinə görə, ötən il ərzində müxtəlif növ 8197 ədəd saxta alkoqollu içki aşkarlanaraq satışdan kənarlaşdırılıb.