BAKI, 26 yanvar. TELEQRAF
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ABŞ-ın pandemiya dövründəki fəaliyyəti ilə bağlı tənqidlərini rədd edib.
Teleqraf xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı rəhbərliyi COVID-19 pandemiyasına reaksiya zamanı atılan addımların düzgün olduğunu bəyan edib. Bu barədə təşkilatın mətbuat xidməti tərəfindən yayılan açıqlamada bildirilir.
Açıqlamada qeyd olunur ki, ABŞ hakimiyyəti təşkilatdan çıxmaq qərarını əsaslandırarkən ÜST-nin pandemiya dövründə uğursuzluqlara yol verdiyini iddia edir. Vaşinqtonun mövqeyinə görə, təşkilat vacib məlumatların vaxtında və dəqiq şəkildə paylaşılmasına mane olub, həmçinin bu çatışmazlıqları ört-basdır etməyə çalışıb.
Bununla belə, ÜST vurğulayıb ki, heç bir təşkilat və ya hökumət qüsursuz fəaliyyət göstərmsə də, ÜST bu misilsiz qlobal səhiyyə böhranına cavab olaraq gördüyü tədbirlərin düzgünlüyündə israrlıdır”.
Təşkilatın mətbuat xidməti bildirib ki, ÜST maskalardan istifadəni, peyvəndləməni və fiziki məsafənin qorunmasını tövsiyə edib, lakin bu tədbirlərin heç bir mərhələdə məcburi tətbiqini tələb etməyib. Qeyd olunub ki, qərarların qəbulu suveren hökumətlərin səlahiyyətində olub və ÜST yalnız onları dəstəkləyib.
Eyni zamanda, ÜST ABŞ rəsmilərinin təşkilatın guya Amerikanın maraqlarına düşmən olan ölkələr tərəfindən irəli sürülən siyasiləşmiş və bürokratik gündəmi həyata keçirməsi ilə bağlı ittihamlarını həqiqətə uyğun olmayan adlandırıb.
Xatırladaq ki, yanvarın 22-də ABŞ Prezidenti Donald Trampın 2025-ci ildə qəbul etdiyi qərara əsasən, ölkənin ÜST-dən çıxması qüvvəyə minib. Tramp bu addımı, o cümlədən ABŞ-nin təşkilatın maliyyələşdirilməsinə digər üzvlərlə müqayisədə qeyri-mütənasib dərəcədə yüksək töhfə verməsi ilə əsaslandırıb.