BAKI, 26 yanvar. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın administrasiyası Minneapolisdə miqrasiya agentləri tərəfindən amerikalı vətəndaşın öldürülməsini müdafiə edib. Bununla belə, şahidlər tərəfindən çəkilmiş videolar rəsmi açıqlamalarla ziddiyyət təşkil edir və yerli hüquq-mühafizə orqanları ilə federal qüvvələr arasında gərginlik artıb.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Hadisə yanvarın 25-də Minneapolisdə baş verib. Federal miqrasiya agentləri 37 yaşlı Aleks Prettini güllələyib. Tramp administrasiyasının nümayəndələri bildiriblər ki, Pretti agentlərə hücum edib və onlar özünümüdafiə məqsədilə atəş açmağa məcbur qalıblar.
Lakin "Reuters" tərəfindən təsdiqlənmiş videolarda Prettinin əlində silah deyil, mobil telefon olduğu görünür. Kadrlarda onun digər etirazçı qadınlara kömək etməyə çalışdığı, agentlər tərəfindən yerə yıxıldığı və daha sonra yaxın məsafədən güllələndiyi əks olunub.
Minneapolis polis rəisi bildirib ki, mövcud materiallarda Prettinin silah nümayiş etdirdiyini göstərən heç bir dəlil yoxdur və videolar hər şeyi açıq şəkildə göstərir. Onun sözlərinə görə, Tramp administrasiyasının təqdim etdiyi versiya ciddi narahatlıq doğurur.
Bu, yanvar ayında Minneapolisdə federal miqrasiya əməkdaşları tərəfindən öldürülən ikinci ABŞ vətəndaşıdır. Yanvarın 7-də oxşar insident zamanı Rene Qud adlı qadın həyatını itirib. Həmin hadisə ilə bağlı da rəsmi açıqlamalar şahid videoları ilə ziddiyyət təşkil edib.
Minnesota ştatının qubernatoru Tim Uolz Trampı federal agentləri ştatdan çıxarmağa çağırıb. Ştat rəhbərliyi federal məhkəməyə müraciət edərək, administrasiyanın hərəkətlərini konstitusiyaya zidd adlandırıb. Məhkəmə Prettinin ölümü ilə bağlı sübutların məhv edilməsini və ya dəyişdirilməsini müvəqqəti olaraq qadağan edib.
Hadisələr fonunda Minneapolisdə minlərlə insan küçələrə çıxaraq ABŞ Miqrasiya və Gömrük Xidməti agentlərinin fəaliyyətinə etiraz edib. “ICE OUT!” şüarları səsləndirilib.
Minnesotanın iri şirkətləri - Target, Cargill və Best Buy daxil olmaqla birgə bəyanat yayaraq gərginliyin dərhal azaldılmasına və dövlət, yerli və federal qurumların əməkdaşlığına çağırıblar.
ABŞ-ın sabiq prezidentləri Barak Obama və Bill Klinton da hadisəni kəskin tənqid ediblər. Klinton Tramp administrasiyasını yalan danışmaqda ittiham edib, Obama isə amerikalı dəyərlərin hücum altında olduğunu bildirib.
Məlumata görə, Aleks Pretti veteranlar xəstəxanasında reanimasiya şöbəsində tibb bacısı işləyib. Onun ölümü yerində yüzlərlə səhiyyə işçisi toplaşaraq gül və şamlarla xatirəsini anıb.
Tramp isə əməliyyatları cinayətkarlığın azaldılması və miqrasiya qanunlarının icrası üçün zəruri adlandırıb.