BAKI, 26 yanvar. TELEQRAF

İndoneziyanın Qərbi Yava əyalətində həftəsonu baş verən torpaq sürüşməsi nəticəsində həlak olanların sayı 17 nəfərə yüksəlib. Onlarla insan isə hələ də itkin düşmüş hesab olunur.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Fəlakətlərin Azaldılması Agentliyi məlumat yayıb.

Qurumun açıqlamasına görə, şənbə günü səhər saatlarında Bandung Barat bölgəsində yaşayış məntəqəsinə çökən torpaq sürüşməsi bir gün əvvəl başlayan güclü yağışlardan sonra baş verib. Meteoroloji xidmət yağışların Qərbi Yava və ölkənin bir sıra digər bölgələrində daha bir həftə davam edə biləcəyi barədə xəbərdarlıq edib.

Hadisədən zərər çəkən Pasir Lanqu kəndi paytaxt Cakartadan təxminən 100 kilometr cənub-şərqdə, dağlıq ərazidə yerləşir. Torpaq sürüşməsi nəticəsində azı 30 ev tamamilə torpaq altında qalıb.

Agentliyin sözçüsü Abdul Muhari bildirib ki, hazırda 73 nəfər itkin düşmüş sayılır. Axtarış-xilasetmə işlərini pisləşən hava şəraiti və əlavə olaraq baş verən kiçik torpaq sürüşmələri çətinləşdirir. Əməliyyatlar üçün pilotsuz uçuş aparatları və ağır texnikadan istifadə olunur.

Ötən həftə İndoneziyanın müxtəlif bölgələrində, o cümlədən Qərbi Yava və Cakarta ətrafında güclü yağışlar selə səbəb olub, minlərlə insan evlərini tərk edərək daha təhlükəsiz ərazilərə köçməyə məcbur qalıb.

Qeyd edək ki, bu hadisə iki ay əvvəl Sumatra adasında baş verən və siklonun yaratdığı sel və torpaq sürüşmələri nəticəsində 1200 nəfərin həyatını itirdiyi, bir milyondan çox sakinin didərgin düşdüyü fəlakətdən sonra qeydə alınıb.