BAKI, 26 yanvar. TELEQRAF
ABŞ-də güclü qar fırtınası nəticəsində 1 milyondan çox elektrik istehlakçısı enerjisiz qalıb.
Teleqraf xəbər verir ki, monitorinq resursu "PowerOutage"in məlumatına əsasən, ölkə üzrə 1 018 477 ev təsərrüfatında elektrik enerjisinin verilişində fasilələr qeydə alınıb.
Ən ağır vəziyyət Tennessi ştatında müşahidə olunur. Burada 300 mindən çox istehlakçı işıqsız qalıb. Elektrik təchizatında ciddi problemlər ölkənin cənub-şərqində, o cümlədən Texas, Luiziana, Alabama və Corciya ştatlarında da müşahidə edilir.
"NBC News" telekanalının məlumatına görə, ümumilikdə 23 ştatda fövqəladə vəziyyət rejimi elan olunub. Əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıqlar 185 milyon ABŞ sakinini əhatə edib. Yanvarın 25-də ölkə üzrə 10 mindən çox aviareys ləğv edilib.
ABŞ prezidenti Donald Tramp yanvarın 23-də bildirib ki, fövqəladə xidmətlər gözlənilən rekord şaxtalar və güclü qar fırtınalarına hazır vəziyyətdədir.