BAKI, 26 yanvar. TELEQRAF
“İsrail xarici işlər naziri Gideon Saarın rəhbərliyi ilə 40 nəfərdən ibarət biznes-diplomatik nümayəndə heyəti Azərbaycanda səfərdədir. Bu səfəri Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında münasibətlərin inkişafına töhfə verəcək mühüm hadisə və regionlararası əməkdaşlıq üçün yeni mərhələ kimi qiymətləndirmək lazımdır”.
Teleqraf xəbər verir ki, bunu politoloq Yeganə Hacıyeva deyib.
Ekspert bildirib ki, səfərin əsas məqsədi İsraillə Azərbaycan arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, xüsusilə ticarət, investisiya və texnologiya sahələrində əməkdaşlığın genişləndirilməsidir:
“Səfər təkcə diplomatik xarakter daşımır, həm də iqtisadi, texnoloji və geosiyasi əməkdaşlığın dərinləşdirilməsinə yönəlib.

Gideon Saarın Bakıda yüksək səviyyəli dövlət rəsmiləri ilə görüşləri, eləcə də biznes forumlarda iştirakı planlaşdırılıb. Nümayəndə heyəti yerli biznes dairələri ilə birbaşa əlaqələr qurmaq, ortaq layihə imkanlarını müzakirə etmək niyyətindədirlər. Müzakirə olunan əsas sahələr su ehtiyatlarının idarə olunması və aqrotexnologiyalar, kibertəhlükəsizlik və rəqəmsal həllər, səhiyyə və tibbi texnologiyalar, mühəndislik, infrastruktur və maliyyə xidmətləri sahələridir.
Azərbaycan İsrail texnologiyaları üçün yeni bazar və strateji tərəfdaş rolunda çıxış edir və İsrailin innovasiya və startap ekosistemi bizim üçün xüsusi maraq kəsb edir. Azərbaycan İsrailin regionda ən etibarlı və strateji tərəfdaşlarından biridir, bu tərəfdaşlıq Aralıq Dəhliz kimi transmilli təşəbbüslərdə rolumuzun gücləndirilməsinə, qlobal güclər və qütblər arasında regional balansda əlavə təsir aləti əldə etməyə xidmət edir”.
Yeganə Hacıyeva əlavə edib ki, Azərbaycanın İsraillə əməkdaşlığı çoxvektorlu xarici siyasət kursunun tərkib hissəsidir:
“Qeyd edim ki, iki ölkə arasında enerji, təhlükəsizlik, ticarət və texnologiya sahələrində artıq mövcud olan əməkdaşlıq bu səfər fonunda daha da dərinləşə bilər. Azərbaycanın coğrafi mövqeyi və nəqliyyat-logistika potensialı İsrail üçün Cənubi Qafqaz və Mərkəzi Asiya arasında körpü rolunu oynayır.
İsrail Azərbaycan vasitəsilə regionlararası iqtisadi layihələrdə iştirak imkanlarını artırmağın yollarını araşdırır. Bu baxımdan Bakı səfərini İsrailin Xəzər regionu və Mərkəzi Asiyada mövqelərini gücləndirməyə yönəlmiş uzunmüddətli strategiyasının mühüm hissəsi kimi baxmaq lazımdır”.