BAKI, 22 yanvar. TELEQRAF
Avropa İttifaqı ABŞ ilə münasibətlərə dair əvvəlki illüziyalarından imtina etməli və ABŞ Prezidenti Donald Trampın Davosda keçirilən Dünya İqtisadi Forumundakı çıxışından nəticə çıxarmalı olacaq.
Teleqraf xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
Məqalədə vurğulanır ki, əsas dərs ondan ibarətdir ki, Trampa qarşı çıxmaq bəzi hallarda nəticə verə bilər. Nəşr qeyd edir ki, Avropa paytaxtlarında ABŞ liderinin hərbi gücdən istifadə məsələsini, xüsusilə Qrenlandiya ilə bağlı mövzunu gündəmdən çıxarması müəyyən rahatlıq yaradıb.
Bununla yanaşı, Politico yazır ki, Avropada Trampın mövqeyini istənilən an dəyişə biləcəyi ilə bağlı ciddi narahatlıq da mövcuddur. Nəşrin fikrincə, bu qeyri-müəyyənlik Avropa İttifaqını Vaşinqtonla münasibətlərdə daha realist və praqmatik mövqe tutmağa vadar edir.
Qeyd edək ki, daha əvvəl Tramp Avropa İttifaqına üzv bir sıra ölkələrə qarşı tətbiq olunması planlaşdırılan 10 faizlik idxal rüsumlarından imtina etdiyini açıqlamışdı. Həmin rüsumların fevral ayından qüvvəyə minməsi nəzərdə tutulurdu.