BAKI, 22 yanvar. TELEQRAF

ABŞ hərbçiləri Arktikada təhlükəsizliyi müstəqil şəkildə təmin etmək qabiliyyətinə malik deyil, çünki sərt soyuq iqlim şəraitində əməliyyatlara Şimali Avropa ölkələri NATO üzvləri ilə müqayisədə daha zəif hazırlanıblar.

Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın "The Times" qəzeti mənbəyə istinadən yazıb.

Məlumata görə, 2025-ci ilin martında Norveçin şimalında keçirilən NATO-nun "Joint Viking" təlimləri zamanı ABŞ hərbçiləri ciddi çətinliklərlə üzləşiblər. Nəşrin yazdığına görə, manevrlərin təşkilatçıları hərbi oyunlarda şərti düşmən rolunu oynayan finlandiyalı ehtiyatçı hərbçilərdən amerikalılara uduzmağı xahiş ediblər.

"Finlərə amerikalıları məğlub etməmək tapşırılıb, çünki bu, alçaldıcı idi və onların ruh düşkünlüyünə səbəb olurdu”, - mənbə bildirib.

Mənbə həmçinin qeyd edib ki, ABŞ buzqıran gəmilərin inşası məsələsində Finlandiyadan asılıdır.

“Avropalılar bu sahədə zəruri təcrübəyə malikdirlər. Əgər ABŞ Prezidenti Donald Tramp regionu qorumaq istəyirsə, Arktikadakı müttəfiqlərini qıcıqlandırmaqla yanlış yol tutur”, - deyə o bildirib.